Azadlığı “xəstəlik” səviyyəsində olan Cavanşir Quliyev: “Allah məni asi yaradıb” – MÜSAHİBƏ

“Gündəlik getdiyin yerdə mükafatlarını sadalamaq öz adını alçaltmaq, mükafatın arxasında gizlənmək deməkdir”.

Yenicag.az bu gün növbəti doğum gününü qeyd edən sevimli bəstəkarımız, Xalq artisti Cavanşir Quliyevlə müsahibəni təqdim edir.

– Təmtəraqla aranız necədir?

– Təmtərağı heç sevmirəm. Hesab edirəm ki, hər doğum günündə insan bir addım da əbədiyyətə yaxınlaşır. Bəzən hətta anlamıram ki, insanlar doğum günü olanda nəyə sevinirlər? Hər il məzarlığa bir az da yaxınlaşırsan, burada sevindirici nə var, səbəbini tapa bilmirəm. Amma bununla belə, şükür edirsən ki, bir il də yaşadım. Uşaqlıqda valideynlərim ad günümü qeyd edərdilər, amma özüm heç vaxt qeyd etməmişəm. Sağ olsunlar, insanlar təbrik edir, bu mənə xoşdur.

– Doğum gününün bir özəlliyi də hədiyyə almaqdır…

– Deyim ki, heç ömrü boyu çox hədiyyə də almadım. Çünki doğum günü keçirməyən adam da hədiyyə almaz. Bu gün mənə gözəl bir hədiyyə oldu. Nəşriyyatda çap olunan kitablarımı mənə çatdırdılar. Heç bilmirdilər ki, bu gün doğum günümdür.

– Özünüzə “əhsən” dediyiniz vaxtlar çox olur? Ümumiyyətlə, tərif xoşlayırsınız?

– Heç vaxt tərif sevməmişəm. Tələbəlik illərində belə alqışlar olanda, salonu tərk edirdim. Həmişə deyirəm, mənim ən böyük tənqidçim özüməm. Bəzən deyirlər, filankəsin qədrini bilmədilər. Kiminsə qədrimi bilməsi mənə lazım deyil. Buna ehtiyacım yoxdur. Bu məni qətiyyən maraqlandırmır. Mənə o maraqlıdır ki, istədiyim şeyləri edə bildim, ya yox?

– Edə bildiniz?

– Təbii ki çoxunu edə bilməmişəm.

– Şöhrət sizə mane olur, yoxsa stimullaşdırır?

– Şöhrət nə olan şeydir, heç bilmirəm. Metroda, avtobusda gedib-gəlirəm, piyada gəzirəm, şəhər basırıqdır, ona görə. Bəzən məni tanıyırlar, bəziləri yaxınlaşıb xoş sözlər deyirlər. Amma buna əhəmiyyət vermirəm. Hətta televiziyada aldığım mükfatların adlarının çəkilməsinə də qadağa qoymuşam. Deyirəm, yalnız peşəmi deyə bilərsiniz, vəssalam. Mükafatlar öləndən sonra nekroloq yazanda lazım olur. Qeyd edirlər ki, bu adamın filan qədər mükafatı var idi. Yoxsa, gündəlik getdiyin yerdə mükafatlarını sadalamaq öz adını alçaltmaq, mükafatın arxasında gizlənmək deməkdir. Boynuna alırsan ki, mükafat mənim adımdan yuxarıdır. Üzeyir bəyin nə qədər mükafatı var idi, amma nəyi var, nəyi yox idi, heç birimiz bilmirik. Ancaq adı ilə tanıyırıq.

– Biz sizin musiqilərinizi dinləyib zövq alırıq, bəs özünüzün sevimli bəstəkarınız kimdir?

– Bütün musiqiləri dinləyirəm. Yaxşı musiqini də, keyfiyyətsizi də. Müqayisə edirəm, səbəblərini axtarıram ki, niyə bu musiqi keyfiyyətsizdir. Biz musiqiçilər dinləyə-dinləyə musiqini analiz edirik. Bizim dinləməyimiz işçi yanaşmasıdır. Yadıma gəlmir ki, musiqi dinləyim və həzz alım. O ləzzət nədir, bilmirəm. Sadəcə olaraq, o musiqinin necə olduğunu bildirirəm. Yəni texniki terminlərlə yanaşıram.

– Hansı yaşınız üçün qəribsəmisiniz və o dönəmə qayıtmaq istərdiniz?

– Elə indiki dönəm ən yaxşısıdır. Çünki mənim həyatım rahat keçməyib ki, deyim, kaş 30 yaşım olaydı. Maddi yox, həmişə mənəvi problem içində yaşamışam. Xasiyyət etibarilə, Allah məni asi yaradıb. Ona görə də əziyyət çəkmişəm. Ömür boyu üzərimdə heç vaxt güc, müdir qəbul etməmişəm. Müdirlərim olub, amma onlara dözmüşəm. Kimsə mənə əmr versin, onu elə, bunu elə, bunu qəbul etməmişəm. Təbiət etibarilə, azadlığıma bağlı olmuşam. Tez-tez də deyirəm, azadlıq məndə xəstəlik səviyyəsindədir. Nəyin bahasına olursa-olsun, azadlığımı heç kimə verməmişəm, vermərəm də.

Cəvahir

COP29