Tanınmış vəkil Fuad Ağayev Azerbaijan Airlines-in (AZAL) xəbərdarlıq etmədən reysləri təxirə salmasından şikayətlənib.
Yenicag.az xəbər verir ki, yaranmış vəziyyətlə bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.
“AZAL-ın müntəzəm reysi saat 16:20-də uçmalı idi. E-mail gəldi ki, saat 17:45-ə keçiriblər. Zəng edib, dəqiqləşdirmək istədikdə, saat 19:45-də uçacağını dedilər. Evdən çıxmamışdan qabaq 7 (!!!) dəfə zəng vurduq ki, “daha gecikmə yoxdur?”. Dedilər yox. Hava limanına yollandıq. Yoldaşım qeydiyyatdan, hava təhlükəsizliyi və pasport nəzarətindən keçdikdən sonra deyiblər ki, reys gecə 2-yə təxirə salınıb! Buna nə demək olar?” – deyə o qeyd edib.
Tanınmış hüquqşünas Əkrəm Həsənov da AZAL-ın reysləri ilə bağlı başqa bir problemdən şikayət edib. O, sosial şəbəkə hesabında qeyd edib ki, AZAL-ın Praqadan Bakıya uçan reysində işçi heyətdə bir nəfər də olsun, Azərbaycan dilində danışan yoxdur:
“Problemi yaranan sərnişinlərlə yalnız ingilis və rus dillərində danışırlar…”
Xatırladaq ki, AZAL-ın təyyarə reyslərinin gecikməsi ilə tez-tez məlumatlar yayılır.
Nəsimi Ələsgərli