Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azalan gəlir, artan qiymət: "İnhisarçılıq meylləri və məmur biznesinin mövcudluğu..." - İqtisadçı ilə MÜSAHİBƏ

Son günlər ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur. İqtisadçı Natiq Cəfərli Yenicag.az-a müsahibəsində bu bahalaşmaya təsir edən mümkün amillərə toxunub.

Müsahibəni oxuculara təqdim edirik:

– Natiq bəy, ərzaq məhsullarının bahalaşmasının səbəbi nədir?

– Əslində, bahalaşma ilin əvvəlindən sürət götürüb. Xüsusilə ərzaq məhsullarının bahalaşmasının səbəbi odur ki, insanların rəsmi gəlirlərinin yarı faizi məhz ərzaq tələbatına xərclənir. Ərzaq məhsullarının bahalaşması əhalinin sosial vəziyyəti və gündəlik dolanışığına ciddi şəkildə mənfi təsir göstərir. Bahalaşmanın obyektiv səbəbləri də var. Dünyada ərzaq indeksinin bahalaşması və pandemiyadan dolayı daxili bazarın qorunması ilə bağlı müxtəlif addımlar atılır, rüsumlar qaldırılır. Bu, ərzaq məhsullarının bahalaşmasına yol açır. Sadəcə Azərbaycan reallığında bahalaşmanın daxili səbəbləri daha çoxdur. Bu ilin yanvar ayında dizel yanacağının qiymətinin kəskin artırılması ərzaq və kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olub. Biz bunu mövcud şəraitdə nəzərəçarpacaq şəkildə hiss edirik. Yanacağın bahalaşması bu il istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin artmasına və qiymətlərin bahalaşmasına təsir edib. Bundan başqa, Azərbaycanda xroniki problemlər, bazarda oyunçuların sayının az olması, inhisarçılıq meyllərinin artması və məmur biznesinin mövcudluğu qiymət artımında rol oynayır. Təəssüf ki, bu amillər qaldıqca ölkədə inflyasiyanın sürətlənməsinin şahidi olacağıq.

– Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətinin qalxmasına baxmayaraq, əhalinin aylıq əməkhaqqında artım müşahidə olunmur. Bu vəziyyəti necə tənzimləmək lazımdır?

– Statistik göstəricilərə görə, rəsmi gəlirlər azalıb. İnflyasiyanın güclü olması real gəlirləri kəskin azaldıb. Real gəlirlərdə təxminən beş faizə yaxın azalma var. Yəni insanların maaşı getdikcə azalır. Dövlət sektorunda çalışan və dövlətdən təqaüd alan insanların gəlirlərinin artırılmasının yeganə yolu hökumətin verdiyi qərara bağlıdır. Ancaq özəl sektorda dövlət diktə edə bilməz. Özəl sektorun gəlirləri artmalıdır ki, maaş artımı ilə bağlı müvafiq addım atılsın. İndiki reallıq ondan ibarətdir ki, özəl sektorda dövriyyə azalır və vergi yükü artır. Dövlət birbaşa nəzarətində olan sahələrdə maaş artımına getməklə yanaşı, özəl sektor üçün vergi güzəştləri tətbiq edərək yükünü azaltmalıdır.

– Sizcə, hazırkı bahalaşma hansı səviyyəyə qədər davam edə bilər?

– Bu ilin sonuna qədər daha ciddi artım müşahidə olunacaq. Hətta noyabr ayından etibarən gələn ilin yanvar ayının ortalarına kimi qiymət artımının sürəti daha da artacaq. Buna səbəb yerli məhsulların noyabr ayından başlayaraq bazardan çəkilməsi olacaq. Bu baxımdan, xarici məhsulların ölkəyə daxil olması artır. Yeni il bayramı qabağı tələbatın artması da qiymətlərə təsir edir. Bununla yanaşı, Novruz bayramı öncəsi qiymət artımının növbəti dalğası yaşanacaq.

Gülşən Şərif

www.yenicag.az

818
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100