“Azan səslənəndə müəzzinin sözlərini təkrar etmişəm” – Əliyar Ağayev Klattenburqdan danışdı

Dünyanın ən məşhur futbol hakimlərindən olan Mark Klattenburqun Səudiyyə Ərəbistanı Kral Kuboku çərçivəsində idarə etdiyi “Əl Feiha” – “Əl Fateh” matçını Azan səsləndirilməsi səbəbi ilə dayandırması gündəm yaratdı desək, yanılmarıq.

Onun bu addımı yerli azarkeşlər tərəfindən alqışla qarşılandı. Bəs görəsən, Azərbaycanın ən öndə gedən hakimlərindən olan Əliyar Ağayevin ingiltərəli referinin addımına münasibəti necədir? FİFA referimiz Klattenburqun addımını təkrarlayarmı?

Yenicag.az-a açıqlama verən Ağayev məsələyə belə münasibət bildirib:

“Əslində qaydalarda bu barədə heç nə yazılmayıb. Yəni, oyunu saxlasan belə, yenidən mübahisəli topla başlayacaqsan. Düzdü, o, bu addımı ilə ərəb azarkeşlər tərəfindən böyük alqış və rəğbət qazandı. Yəqin ki, bunu bir jest kimi edib. Klattenburq Avropada hakimlik edəndə də qeyri-adi jestləri və hərəkətləri ilə seçilirdi.

Düzdü, beləsi olmamışdı. İngilis hakimin oyunçularla münasibəti də fərqli olub. Onsuz da Azan dinlənəndən sonra qarşılaşma davam edib, heç kim namaza getməyib. İnanmıram ki, hər dəfə Azan səsləndiriləndə eyni addımı təkrarlasın. Bilirsiz ki, Səudiyyə Ərəbistanında demək olar, hər yerdə məscid var. Buna görə də oyun zamanı bunu eşitmək mümkün olur.

O ki qaldı, məndə baş versəydi, vallah, bu barədə nəsə demək çətindir. Yalandan da “hə, saxlayardım”, yaxud “saxlamazdım” demək də istəmirəm. Məsələn, hazırda Antalyada təlim-məşq toplanışındayıq. Oyunları idarə edərkən çox vaxt Azan səsini eşidirik. İçimdən oyunu saxlamaq keçməsə də, imkan daxilində müəzzinin sözlərini təkrar etmişəm. Bu da ancaq Antalyada təlim-məşq toplanışında olarkən başıma gəlib. Başqa heç yerdə, hətta Bakıda belə bu durumla rastlaşmamışam”.

Emin Səfərov

COP29