Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi ilə görüşdü

Azərbaycan Respublikası Milli Məclisinin ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyəti 13 yanvar 2021-ci ildə ATƏT PA-nın Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi vəzifəsinə yeni təyin edilmiş Ditmir Buşati ilə onlayn görüş keçirib.

Yenicag.az xəbər verir ki, Albaniyanın 5 ilə yaxın xarici işlər naziri olmuş Ditmir Buşati bildirib ki, o bu vəzifəyə yeni təyin olunub və üzərinə düşən missiyanı yerinə yetirmək üçün Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüş keçirərək onların fikirləri və gözləntiləri ilə tanış olmaq istəyir.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Xüsusi Nümayəndəni salamlayaraq Azərbaycanın 44 günlük müharibədəki tarixi qələbəsi, ölkəmizin regionda yaratdığı yeni reallıq və ATƏT PA-nın bu kontekstdə regional əməkdaşlığa verə biləcəyi potensial töhfələr barədə Ditmir Buşatiyə məlumatlandırıb.

Azay Quliyev qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə dair aşağıdakı faktlar və reallıqlar Assambleyanın Cənubi Qafqazdakı gələcək fəaliyyətində nəzərə alınmalıdır:

“Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı və ATƏT ərazisində bu adda münaqişə artıq yoxdur. Tərəflər 10 noyabr 2020-ci il tarixində Rusiya Federasiyasının vasitəçiliyi ilə Üçtərəfli Bəyanat qəbul etdilər. Beləliklə, Azərbaycan 30 illik işğala son qoydu, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərini bərpa etdi. Dağlıq Qarabağa heç bir xüsusi status verilməyəcək. Bütün vətəndaşlar kimi ermənilərin təhlükəsizliyinə tam zəmanət verilir və onlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bərabər hüquq və imkanlardan istifadə edə bilərlər. Azərbaycan hazırda Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilər üzərində yurisdiksiyasının təmin olunması üzərində müvafiq işlər aparmaqdadır.

11 yanvar 2020-ci il tarixində Moskvada Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri, habelə Ermənistanın Baş naziri 10 noyabr sənədində əksini tapmış bir sıra məqsədlərə, xüsusən də Ermənistan və Azərbaycan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpasına dair konkret mexanizmləri özündə ehtiva edən üçtərəfli bəyanat imzaladılar.

Hazırda qarşıda duran əsas prioritet vəzifələrdən biri Ermənistanla Azərbaycan arasında Sülh Sazişinin imzalanmasıdır. Dağlıq Qarabağ münaqişəsinə son qoyulduqdan sonra ATƏT-in Minsk Qrupunun nə ilə məşğul olacağı sual doğurur və ATƏT PA bu reallığı da nəzərə almalıdır.

Azərbaycan girovların, hərbi əsirlərin və cəsədlərin mübadiləsini 10 noyabr sənədinin 8-ci bəndinə uyğun olaraq həyata keçirib. Ancaq təəssüf ki, 10 noyabr Bəyanatı imzalandıqdan və müharibə dayandıqdan sonra, noyabrın 26-da erməni təxribat qrupu Azərbaycan hərbi qüvvələrinə hücum etdi, bir hərbiçimizi öldürdü və iki hərbiçimizi yaraladı. Azərbaycan ordusu lazımi tədbirlər görərək təxribatçıların bir hissəsini zərərsizləşdirdi və 62 nəfəri saxladı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “terrorçuluq” maddəsinə əsasən həmin şəxslərə qarşı cinayət işi başladılıb. Beləliklə, Ermənistanın onları hərbi əsir kimi geri qaytarmaq iddialarının bu terror aktlarının müharibə başa çatdıqdan sonra törədildiyinə görə hər hansı legitim əsası yoxdu.

10 noyabr sənədinin 7-ci bəndinə uyğun olaraq bütün məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağa və Azərbaycanın işğaldan azad olunmuş bütün digər ərazilərinə qaytarılmalıdır. Bu günə qədər 50 minə yaxın erməni qaçqın Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərinə qayıdıb. Erməni qaçqınların Laçın dəhlizi ilə təhlükəsiz qayıdışı Azərbaycan Respublikası tərəfindən təmin edilir. Keçmiş məcburi köçkünlər üçün sosial, iqtisadi və humanitar tədbirləri əhatə edən “Böyük qayıdış” planı Azərbaycan tərəfindən hazırlanır.”

Toplantıda çıxış edən nümayəndə heyətinin üzvü Tahir Mirkişili Ditmir Buşatinin fəaliyyətə başlamasının post-konflikt dövrünə təsadüf etdiyindən əsas diqqətin qarşılıqlı etimadın qurulmasına yönəldilməsinin vacibliyini qeyd edib. Dağlıq Qarabağ münaqişəsi başlayarkən Azərbaycan və Türkiyənin Ermənistanla olan kommunikasiyaların bağlamasını xatırladan Tahir Mirkişili, hal-hazırki post-konflikt dövründə Azərbaycan və Türkiyənin kommunikasıyaların açılmasına hazır olduğunu bildirib.

Deputat Tahir Mirkişili erməni ekspertlərin hesablamalarına görə 44 günlük müharibə nəticəsində Ermənistan iqtisadiyyatına 40 milyard ABŞ dolları dəyərində ziyan dəydiyini və bu ziyanın Ermənistanın ÜDM-dan üç dəfə artıq olduğunu bildirib. Ermənistanın gələcək iqtisadi inkişafının Cənubi Qafqazın 75% iqtisadiyyatına malik olan Azərbaycandan və onun nəqliyyat infrastrukturundan bir-başa asılı olmasını diqqətə çatdırıb.

Azərbaycanın əksər rayonlarının əhalisinin 100 min nəfərdən artıq olduğunu qeyd edən Tahir Mirkişili, münaqişəsinin bitməsindən sonra Dağlıq Qarabağa geri dönmüş 45 min erməni üçün ayrıca statusun verilməsinin əsassız olmasını vurğulayıb. Tahir Mirkişili çıxışının sonunda Ermənistandan olan həmkarlarını və hökumət üzvlərini imzalanmış sənədlərə riayət etməyə, Dağlıq Qarabağa qanunsuz səfərlərə son qoymağa və revanşizm ritorikasından əl çəkməyə çağırıb.

İclasda həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü Tural Gəncəliyev söz alıb. Çıxışında Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra artıq məcburi köçkün olmadığını Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin diqqətinə çatdırıb. Tural Gəncəliyev Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması ilə məşğul olduğunu və bu məqsədlə “Qarabağ Dirçəliş Fondu” yaradıldığını bildirib.

Daha sonra söz nümayəndə heyətinin üzvü Ülviyyə Ağayevaya verilib. O, ATƏT PA-nın Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi vəzifəsinə yeni təyin edilmiş Ditmir Buşatiyə gələcək fəaliyyətində uğurlar arzulayıb Ülviyyə Ağayeva Cənubi Qafqazın ATƏT-in əhəmiyyətli regionu, eləcə də münaqişələrdən ziyan görmüş bölgələrindən biri olduğunu bildirib. Ülviyyə Ağayevaya regionda ATƏT öhdəliklərinin həyata keçirilməsi üçün Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi tərəfindən parlament, hökumət və xalqlar arasında fəal işin aparılacağına ümid etdiyini söyləyib.

ATƏT PA-nin xüsusi nümayəndəsi Ditmir Buşatı gələcək fəaliyətin qurulması ilə bağlı nümayəndə heyətinin rəy və təklifləri haqqında sualına cavab olaraq Azay Quliyev bildirib ki, Azərbaycan üçün qırmızı xətt mövcuddur və bunu xüsusi nümayəndə mütləq nəzərə almalıdır. Birinci, “Dağlıq Qarabağ münaqişəsi”nin mövcudluğunu dilə gətirməyi və bu haqda fikir söyləməyi doğru hesab etmirik. İkinci, Dağlıq Qarabağın statusu haqqında məsələ qaldırmaq mövcud reallıqla uzlaşmır. Hər iki məsələ bizim üçün həll olunub və Azərbaycan maraqlı tərəflərin bu mövzuları süni şəkildə istismar etməyə imkan verməyəcək.

Azay Quliyev ATƏT PA-nın hazırda görə biləcəyi məsələlərə toxunaraq aşağıdakıları təklif edib:

“Ermənistanla Azərbaycan arasında Sülh Sazişinin imzalanmasına nail olmaq, hər iki ölkə arasında normal qonşuluq siyasətinə əməl etmək üçün parlament diplomatiyasının imkanlarından maksimum istifadə edərək bu prosesə töhfə vermək ATƏT PA-nın əsas vəzifələrindən biri olmalıdır.

Bunun üçün bir sıra addımlar atıla və etimad mühiti yaradıla bilər. ATƏT PA iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, humanitar məsələ kimi minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən Azərbaycana təqdim edilməsinə, yeni torpaq iddialarının, revanşist meyllərin və nifrətin qarşısının alınmasına parlamentarilərin dəstəyini təşviq edə və bu prosesdə fəal rol oynaya bilər.

Sonda Azay Quliyev Ditmir Buşatini Azərbaycana səfər etməyə, işğaldan azad edilmiş şəhər və kəndlərin Ermənistan tərəfindən dağıdılması, tarixi və dini abidələrimizin məhv edilməsi və ya dəyişdirilməsi faktı ilə yaxından tanış olmağa dəvət edib.

Ditmir Buşatı Azərbaycana səfər haqqında dəvətə görə təşəkkür edərək epidemioloji şərait imkan verən kimi bölgəyə səfər edəcəyini bildirib.

Görüşün sonunda gələcək əməkdaşlığın parametlərini müəyyən etmək üçün məsləhətləşmələrin davam olunması barədə razılıq əldə edilib.