Azay Quliyev: “İctimai platformanın yaradılması vacibdir”

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, konfransda çıxış edən Şuranın sədri, deputat Azay Quliyev müzakirəyə çıxarılan mövzunun yalnız müvafiq qurumları deyil, bütövlükdə cəmiyyəti düşündürən məsələ olduğunu deyib. Azay Quliyev bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları dini dəyərlərimizin qorunması və təbliğində hər zaman milli və dövlətçilik maraqlarımızdan çıxış edir və ölkəmizdə əsrlərcə mövcud olan multikultral ənənələrin davamlı olmasına töhvələrini verirlər:

“Dövlət QHT-lərin bu istiqamətdəki fəaliyyətini nəinki təqdir edir, eyni zamanda bu sahədəki istənilən təşəbbüsünə maliyyə dəstəyi verir. Şura təksə son illər dini radikalizmlə mübarizə çərçivəsində maarifçilik işinin aparılması üçün QHT-lər tərəfindən təqdim olunan 62 layihəni maliyyələşdirib. Şura ilə Komitənin birgə əməkdaşlığı ənənə şəklini alıb və biz mütəmadi olaraq birgə tədbirlər təşkil edir və bir çox mövzularda fəaliyyətimizi koordinasiya edirik”.

Şura sədri bildirib ki, dini radikalizm Azərbaycanda yeni termindir və ölkəmizdə heç zaman ənənəyə və tarixi kökə malik olmayıb. Çünki Azərbaycanda tarixən başqa dinlərə tolerant yanaşılmış, müxtəlif təriqətlər arasında harmoniya qorunmuş və radikalizmə gətirib çıxaracaq amillər olmamışdır və indi də yoxdur: “Dini radikalizm anlayışı son zamanlar xaricdən süni şəkildə ixrac edilməkdə və bir sıra siyasi layihələrin icrasında istifadə olunmaqdadır. Azərbaycanda dini radikalizmin ən təhlükəli təzahürü din pərdəsi altında ölkənin siyasi həyatına müdaxilə etməyə cəhd etmək, qanunsuz qrumlara və terror təşkilatlarına qoşulmaqdır. Bu gün ən böyük təhlükə və narahatlıq doğuran məqam xaricdən ixrac olunan dini radikalizmdir. Xarici təsirlərin minimuma endirilməsi üçün QHT-lərin üzərinə bundan sonra da mühüm ictimai məsuliyyət düşür”.

Azay Quliyev konfransda bir sıra maraqlı təkliflərlə çıxış edib: “Şura Dini Komitə ilə konkret ünvanı, hədəf qrupu olan birgə müsabiqələr elan edə bilər. Bunlar şübhəsiz ki, qeyd olunan istiqamət üzrə həyata keçirilən dövlət siyasətinə önəmli ictimai dəstəkdir. Xüsusilə məscidlərdə və sosial şəbəkələrdə aktivlik nümayiş etdirən bu qrupların radikal və məzhəb qarşıdurması yaradacaq çıxışları ciddi nəzarətə götürülməli və bu istiqamətdə QHT-lər daha fəal olmalıdırlar.

Mövcud problemlərin həllində ictimaiyyətin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının daha yaxından iştirakının təmin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi və ixtisaslaşmış QHT-lərdən ibarət ictimai platformanın yaradılması effektli olardı. Bu platformada dövlət qurumu zəruri bildiyi informasiyaları, prioritetləri QHT-lərlə paylaşmasının faydalı olacağını düşünürəm. Bunun nəticəsində risk qrupları müəyyən olunaraq onların vaxtında qarşısını almaq mümükün olar. Belə olduğu halda risk qrupuna aid olan şəxslər radikal dini qruplaşmalara, silahlı dəstələrə qoşulmadan cəmiyyətə qaytarılardı. Çünki zərərli dini təsir altında düşən şəxslər sonradan peşman olsalar da qoşulduqları terror dəstələrindən ayrılmaları çox halda mümkün olmur. Bu məsələ hüquq-mühafizə tədbirlərindən öncəki mərhələ mübarizənin əsas mərhələsini təşkil etməlidir.

Digər mühüm məsələ budur ki, QHT-lər bilavasitə vətəndaşlarla təmasda olan qurum kimi yerlərdə olan çağırışları, vətəndaşların narahatlıqlarını öyrənməlidir. Radikal dini cərəyanların xüsusi ilə meyl etdiyi, kök atmağa çalışdığı yaşayış məntəqələri, regionlar QHT-lərin daha artıq dərəcədə fəal olmasını, maarifçilik işini gücləndirilməsini tələb edir. Problemin vaxtında müəyyən olunaraq dövlət qurumlarına çatdırılması onun həllini asanlaşdırmaqla yanaşı, həm də daha böyük miqyasda baş verə biləcək arzuolunmaz halların qarşısını vaxtında almış olur.

Dini savadı mükəmməl olan ekspert və mütəxəssilərin hazırlığına bundan sonra da xüsusi diqqət verilməlidir. Bu baxımdan dövlətin son illər atdığı addımlar, xüsusilə İlahiyyat İnstitunun yaradılmasını, Dini Komitənin effektiv fəaliyyətini, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin əhalinin dindar kəsimi ilə mütəmadi olaraq həyata keçirdiyi siyasəti, dövləti və milli maraqlarımızın qorunması istiqamətindəki prinsipal mövqeyini yüksək qiymətləndirirəm”.

COP29