Aprelin 3-də Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsi ingilis bölməsinin tələbələri ilə görüşüb.
Yenicag.az-ın məlumatlına görə, xəbəri BDU-nun mətbuat xidməti yayıb.
Bildirilir ki, fakültədəki Mətbuat Şurası auditoriyasında keçirilən görüşdə əvvəlcə fakültənin dekanı Vüqar Əliyev qonaqla bağlı tələbələri məlumatlandırıb.
Daha sonra “çıxış edən Azər Həsrət beynəlxalq təşkilatlarda media azadlığı, media etikası, onlayn etika və jurnalist məsuliyyəti ilə bağlı fikirlərini tələbələrlə bölüşüb. O, əcnəbidilli jurnalistlərə böyük ehtiyac olduğunu vurğulayaraq, xarici ölkələrin aparıcı media orqanlarının iş təcrübəsi barədə danışıb”.
Qonaq “mətbuatda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına daha münbit şəraitin yaradılması zərurətindən də bəhs edib”.
“Diskussiya şəklində keçən görüş tələbə-jurnalistlərin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb”, – deyə xəbərdə bildirilir.
Qeyd edək ki, tələbələrlə görüş-müzakirə tam olaraq ingilis dilində aparılıb. Bir dərs saatı nəzərdə tutulsa da maraqlı görüş iki dərs saatını əhatə edib. Onu da vurğulamaq yerinə düşər ki, bu, media peşəkarlarının fakültə tələbələri ilə ingilis dilində ilk belə müzakirəsidir.
Görüşün sonunda Azər Həsrət tələbələrin fəallığından razı qaldığını, gözlədiyindən də yüksək fəallıqla qarşılaşdığını bildirib.