Azər Qismətin “Çuğullar” romanı: Tarixdən günümüzə daşınan xəbərçiliyin tənqidi – Aqil Bəkir yazır

“Giriş”ə hazırlıq

Azər Qismətin “Çuğullar” romanı sistemin yol açdığı mənəviyyatsızlığın kəskin tənqidi ilə seçilir. Romanda çuğulluğun psixoloji bəraəti, insanın özünü onun gərəkliliyinə inandırması barədə birinci şəxsin dilindən mülahizələr irəli sürülür, bu aktın seçim və ya məcburiyyət olması dilemması ilə bağlı vicdan qavramı ön plana çəkilir.

“Çuğullar”da bütün süjet boyu iki qütbün mübarizəsinin və qarşıdurmaya yol açan Tibet kahininin gənc əməkdaşla xəbərçilik haqqında söhbətinin şahidi oluruq. Bu  mübarizənin tətiklənməsi isə gəncin laboratoriya çuğulluğuna qarşı gəlməsi ilə bağlıdır. Əsərdə diqqət çəkən əsas məqamlardan biri budur ki, çuğulluqla məşğul olan laboratoriya əməkdaşlarına müəllifin “yazıqlıq rəğbəti” açıq şəkildə seçilir. Obrazlar özlərini və hətta müəllif vasitəsilə oxucuları inandırmağa çalışırlar ki, onların çuğulluq etməkdən başqa çarələri yoxdur və bu, seçim deyil, məcburiyyətdir. Lakin Tibet kahininin yanına xəbərçilik üçün gələn əməkdaşların çuğulluq edərkən düşdükləri halət həmin otaqdan kənarda və onun içində fərqli kimliklərə büründüklərini faş edir.

Müəllif çuğulluq barədə tarixi faktlara müraciət edir, diqqəti satqınlığın yol açdığı bəlalara çəkir. Bununla yanaşı, çuğulluğun toplumda necə qarşılandığına dair müxtəlif hekayələrlə əməkdaşların “vicdana gəlmələri”ni təmin etmə cəhdləri dinamikliyi qoruyur, beləliklə, obrazların iradəsi sorğulanır.

Giriş – Əsərin mütləq başlanğıcı və obrazlar

İngiltərənin önəmli tənqidçilərindən olan Terri İqlton “How to Read Literature” (“Ədəbiyyatı necə oxumalı”) kitabında yazır ki, sənətdə sonlar mütləqdir, lakin eyni şeyi ədəbi başlanğıclar üçün söyləyə bilmərik. Yəni müəllif əsərə əvvəllər istifadə olunmuş qəliblərlə başlamağı girişin təsirliliyi baxımından üstün hesab edir. Müəlliflərin bilərəkdən və ya qeyri-təbii şəkildə istifadə etdikləri bu priyom təsirlənmədən daha çox, ədəbiyyatın ənənələrinə sadiq qaldıqlarını oxucuya çatdırmaqla bağlıdır.

Bundan başqa, adına “düz giriş” deyə biləcəyimiz ədəbi başlanğıclar da var ki, “Çuğullar”da müəllifin məhz bundan istifadə etdiyini görürük. “Çuğullar” bu cümlə ilə başlayır: “İnsana nə xoşdursa, o zərərlidir”. Olduqca qısa, konkret və açar rolunu oynayan bu cümlənin mahiyyəti birbaşa süjet və sonluqla bağlıdır. Yəni bu, giriş cümləsi xatirinə yazılmış cümlə deyil. Əvvəldə də qeyd edildiyi kimi, “seçim, yoxsa məcburiyyət” dilemmasının cavabıdır.

“Çuğullar”ın “Giriş”ində müəllif düşüncələrini oxuyuruq. Yer-yer müəllifin qənaətləri elə birinci şəxsin – nəql edənin dilindən verilir və bu bağ elə iç-içədir ki, qeyd olunanların əsas obrazın dilindən səsləndirildiyi düşüncəsi formalaşır. Bu mənada, “Çuğullar”ın başlanğıcını müəllifin vicdan konsepsiyası adlandıra bilərik. Lakin bunlara “şəxsi” qənaət demək doğru olmazdı. Bu, yazıçı müşahidəsinin yekunu, toplum psixologiyasının qavranılmış gerçəkliyi və yansımasıdır.

O da qeyd edilməlidir ki, “Çuğullar”da iki “Giriş” var. Əgər birinci məhz “Çuğullar”ın girişidirsə, ikinci əsərin başlanğıcıdır. Bu başlanğıc da özünəməxsusdur: “…Bəlkə də anamı ayı yedi”. Daha sonra gəncin ilk iş günü haqqında təəssüratları başlayır. İkisi arasında paralellik aparsaq, anadan ayrılma xəttinin yeni həyatın başlanğıcı ilə birləşdiyini və ananın gəncin dünyanı anlama və onunla üzləşməsi arasındakı pərdə olduğunu söyləyə bilərik. İkinci giriş birbaşa əsərə keçid rolunu oynayır.

Müəllif əsərdə ümumiləşdirmə və fərdiləşdirmə aparıb. Ümumiləşdirmə – adlandırmada xüsusi isimlərdən istifadə olunmayıb və fərdiləşdirmə – xüsusi isimlər ön plandadır: 1. Müdir (Tibet kahini), yeni əməkdaş, qoruqçu, müavin, sürücü, katibə, senyora; 2. Adilə, Cem, Vəli. Bu ümumiləşdirmə və fərdiləşdirmələri obrazların müəyyən qəlibə salınmaması kimi dəyərləndirə bilərik. Əksər müəlliflər əsərlərində konkret adqoymadan yayınır, beləliklə, ad çəkərkən oxucu beynində yaranan konkret obrazın rəsmindən qeyri-dəqiq, lakin bir o qədər fərdiləşdirməyə açıq şəxs təsəvvür edilir ki, sözügedən yansıma oxucu təxəyyülü və hazırlığının dərəcəsindən asılı olaraq dəyişir, fəqət müəllifin ilkin qayəsindən yayınmamış olur. Yəni əgər müəllif obrazı “Aytən” adlandırırsa, bu zaman oxucunun şüurunda hazır olan, əvvəlcədən tanıdığı “Aytən” qəlibi obrazla assosiasiya olunur. Nəticədə iki fərqli fərdin ad bənzərliyi səbəbindən eyniləşdirməsi baş verir ki, bu da son məqamda oxucu baxımından müəllif qayəsindən sapmalara gətirib çıxarır.

Ümumi götürdükdə əsər obrazların açılımı baxımından iki xəttə ayrılır: Onların çuğulluq fəaliyyəti və şəxsi həyatları. Adilə subaydır, senyoranın ər sarıdan bəxti gətirməyib, müdir müavini sonsuzdur və s. Şəxsi həyatlarındakı problemlər, uğursuzluqlar iş həyatında yüksəlmə və təriflənmə istəklərini qabardır, bununla da çuğulluğun qaynaq yeri bəlli olur. Həmçinin tarixi və nağılvari çuğulluq hekayələri də bir xətt təşkil edir.

Əsərdə qarşı-qarşıya gətirilən iki qüvvə var: Çuğullar və yeni əməkdaş. Bu, müdirin yaratdığı sistemlə yeni əməkdaşın mübarizəsidir və çuğullar da müdir və onun sisteminin bir parçasıdır. Beləliklə, gənc oturuşmuş bir sistemlə mübarizə aparır. Yeni əməkdaşın mübarizəsi çuğulluğa boyun əyməməklə yanaşı, müdirə işçilərin xislətinin dəyişdirilə biləcəyini sübut etməyə çalışması ilə səciyyələnir.

Yeni əməkdaşın ilk iş yerində birinci icraatı “pəncərəni açmaq” olur. “Pəncərənin açılması ilə içəri günəşin şəfəqlərinin şığıması köhnə alətlərin, kağız-kuğuzla dolu masaların üstündəki əl qalınlığında tozun yığılmasını üzə çıxarırdı” – müəllif ustalıqla təzə işçinin laboratoriyaya daxil olmasının buranı aydınlatdığını və belə bir məqamda çirkinliyi üzə çıxardığını bildirir. Hər kəs tərəfindən bilinən “ağ kağız üzərindəki qara nöqtə” əhvalatında olduğu kimi, diqqəti “masaların üstündəki əl qalınlığında toz”a deyil, məhz Günəş şəfəqlərinə yönəltməliyik. Müəllif burada da “ana” süjetinə bənzər simvoldan istifadə edərək mətnə əlavə məna yükləyir. Gəncin laboratoriyada ilk gördüyü işin “pəncərəni açması” buraya yeni nəfəsin gəldiyinə işarədir, lakin “pəncərənin açarı” Adilədədir. Yəni işığın qarşısı hər an kəsilə bilər.

Gənc əməkdaş çuğulluğa boyun əyməməklə yanaşı, digərlərini də bundan vaz keçirmək üçün çalışır. Lakin bu çırpıntılar bəzən uşaqcasına olur (Adiləyə naməlum zəng, senyoraya məktub, müdir müavininə mesaj).

“Çuğullar”da bütün əsər boyu gərginlik davam edir, buraya müəyyən gülməli situasiyalar əlavə olunur, fəqət ixtilaflar eynilə qalır. Ən böyük qarşıdurma isə müdirlə yeni əməkdaş arasında yaşanır. Əsərin iki baş obrazının mübarizəsi ikinciyə çuğulluq etməsi üçün verilmiş bir aylıq zaman kəsiyində pik həddə çatır. Müdir bütün ağlını istifadə edərək onun ramına çalışır.  Burada bir şey diqqət cəlb edir: Müdirlə gənc əməkdaşın söhbətləri arasında bənzərlik, eynilik var. Müəllif iki əsas obrazı eyni dildə danışdırır, aralarında mütənasiblik yaradır. Burada ustad-şagird ikilisinin qoca-gənc antonimliyinə qarşı qoyulduğu açıq sezilir. Belə ki, bu iki obrazın söhbəti bir şəxsin özünün müxtəlif yaş dövrlərilə müzakirəsinə bənzəyir. Ədəbiyyatın həm də bir ağıl işi olduğunu nəzərə alan oxucu müəllifin peşəkarlığına etimad edərək sonluq və ya mətnin alt qatında yatan mənalarla bağlı sezgilərə qapılır və bu sezginin doğruluğu əsərin sonluğunda təsdiqini tapırsa, deməli, o mətn artıq “əsər” dəyərini qazanmış hesab oluna bilər.

Qeyd edildiyi kimi, müdir ilə yeni əməkdaşın gizli şəkildə eyniləşdirilməsi öz məntiqi sonluğunu tapır. Gənc əməkdaşın çuğulluğa başlaması üçün qoyulan zamanın tamamında xəbərçilik müdirə deyil, onun özünə qarşı edilir.

Tibet kahininin yeni laboratoriya müdirinə yazdığı məktubu onun qoca yaşında oxuması da ikisi arasında keçilən ömür yolunun bənzərliyinə işarə edir. Lakin müəllif bizə yeni müdirin öz xələfinin sistemini davam etdirib-etdirməməsi və ya onun necə rəhbər olması ilə bağlı əlavə məlumat vermir. Ancaq gənc əməkdaşın qoca yaşındakı peşmanlığı əməlindən şübhə duyduğunu üzə çıxarır.

Problem – müxtəlif cavablı sual

“Onlara nə vaxtdan çuğulluq etməyə başladın?” – Bu, müdirin gənc əməkdaşa vəzifəsindən azad olunandan sonra verdiyi sualdır. Gənc əməkdaş laboratoriyadakı özbaşınalıqlar haqqında aidiyyəti orqana məlumat verir və müdirin işdən çıxarılmasına nail olur. Müdir isə bunu çuğulluq kimi dəyərləndirir. Oxucuların düşüncələrində bununla bağlı müxtəlif fikirlər yarana bilər. O dəqiqdir ki, bir çoxları bunu çuğulluq kimi dəyərləndirəcək, bəziləri isə ədalət deyəcək. Eyni süjet ətrafında müxtəlif fikirlərin yaranması normaldır. Fəqət söhbət bir Azərbaycan romanından gedirsə və təsvir olunan fərdlər bu cəmiyyətin nümayəndələridirsə, o zaman gənc əməkdaşın çuğulluq etməsinə dair heç bir şübhə yeri qalmır.

Təbii, burada müəllif yanaşması da mühümdür. Əsər boyu müəllif özünü bir çox yerdə biruzə versə də, məhz bu məqamda – oxucuların tərəddüddə qaldığı anda özünü gizlədir və toplumun buna qiymət verməsini istərcəsinə Tibet kahinini dilləndirir: “Onlara nə vaxtdan çuğulluq etməyə başladın?” – Bu sualın cavabı da, onun çuğulluq edib-etməməsi də oxucunun məsələyə necə yanaşmasından asılıdır.

Çuğullar

Azər Qismətin “Çuğullar” romanı müasir Azərbaycan ədəbiyyatında xüsusi yerlərdən birini tutur. Hərçənd roman haqqında yazılan təhlillərin, tənqidlərin sayı iki əlin barmağını keçmir, lakin bunun da bir sıra səbəbləri var. İlk növbədə, qeyd edilməlidir ki, Azər Qismət sözügedən əsərdə qəti tənqid mövqeyindən çıxış edir, cəmiyyətin sürükləndiyi mənəviyyatsızlıq bəlasını bir laboratoriyaya sığışdıraraq topluma ayna tutur. Əsərdə cəmiyyətin aşınmasının səbəblərinə toxunulur, idarəetmənin bərbad olduğu müəssisədə fərdlərin düşə biləcəyi durum göz önünə sərilir.

Xəbərçiliyə tarixi aspektdən yanaşan müəllif bunun gələcəyi necə şəkilləndirdiyini, hansı nəticələrə səbəb olduğunu qısa misallarla çatdırır, mövcud durum belə davam edəcəyi halda, cəmiyyətin hansı istiqamətə doğru inkişaf edəcəyini vurğulayır.

Əlbəttə, əsərə yalnız siyasi aspektdən baxmaq doğru olmazdı. Ancaq reallıq budur ki, müasir dövrdə “gözə girmək”, yüksəlmək, vəzifə tutmaq üçün çoxları vicdanına zindan vurur və çuğulluq yolunu, yaxud yaltaqlıq variantını seçir. Bu mənada, “Çuğullar” böyük ifşa əhəmiyyəti daşıyır.

Çuğulların psixologiyası isə başqa yazının predmetidir.