İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu öz işinə başladı. Forum öz fəaliyyətinə bugün yekun vuracaq. 48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” adı altında baş tutdu. Azərbaycan prezidenti İlham Əliyev foruma qatıldı və “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxış etdi.
Yenicag.az xəbər verir ki, bu barədə QALİB-in sədri, ekspert Azər Verdiyev məlumat verib:
“Azərbaycan Prezidenti İlham Əliyev Forum çərçivəsində “Strateji baxış: Avrasiya” panelindəki müzakirələrdə çıxış edib və həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərlə bağlı fikirlər söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik: “Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir”. “İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetlərimizdir və mən düşünürəm ki, biz bu istiqamətdə xeyli uğur əldə etmişik”.
Prezident İlham Əliyev Davos İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” sessiyasında çıxışı zamanı deyib.
“Dünya bazarlarında qiymətlər dramatik şəkildə aşağı düşdükdə mən Azərbaycanda bildirdim ki, bizim üçün post neft dövrü başladı. Biz ölkənin əsas gəlir mənbələri kimi texnologiya, sənaye, kənd təsərrüfatı kimi sahələri nəzərdən keçiririk. Məhz buna görə, biz ciddi islahatlar keçirdik və onun çox gözəl nəticələri oldu. Deyə bilərəm ki, iqtisadiyyatın şaxələndirilməsi prosesi hazırda da qüvvədədir və bizim bunu dayandırmaq fikrimiz yoxdur”, – deyə dövlət başçısı bildirib. Bu əlində dünyaya çıxış yolu baxımından verilən mühüm mesaj idi. Etiraf etmək lazımdır ki, Davos forumu tək iqtisadi forum deyil. Burada birmənalı şəkildə siyasi elementlər də özünü biruzə verir. Bu mənada hesab edirəm budəfəki forum ölkəmiz üçün çox uğurlu oldu. Eyni zamanda dünya bir daha güclü liderin güclü bəyanatının şahidi oldu. Budəfəki Davos forumunda Prezidentin çıxışı dünyaya mesaj idi ”(7NEWS.az)