Azər Verdiyev: “Rusiya və Türkiyə böyük güclərin oyununa getdilər”

azer (1)24 noyabr 2015-ci il tarixdə Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub.

Türkiyə tərəfi rus qırıcısının sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu iddia edib. Rusiya prezidenti Vladimir Putin bu hadisənin Rusiya-Türkiyə münasibətlərində ciddi nəticələr doğuracağını bildirib.

Gərgin geosiyasi vəziyyət ölkəmizdə də geniş müzakirə obyektinə çevrilib. Ekspertlər faktiki olaraq iki cəhbəyə bölünüb və kəskin fikirlər səsləndirməkdə davam edirlər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, ekspert Azər Verdiyev münaqişənin fəsadlarının ölkəmizdən yan keçməyəcəyini bildirib:“Türkiyə qırıcısının Rusiyanın hərbi bombardmançı təyyarəsini vurması iki ölkə arasında ciddi ixtilafların meydana gəlməsinə yol açıb. Moskva sərt və əsəbi reaksiya verir, Ankara isə öz mövqeyini əsaslandırmağa çalışır. Dünyanın müxtəlif ölkələri fərqli fikirlər bildirirlər. Qərb birmənalı olaraq Türkiyənin hərəkətlərini dəstəkləyən bəyanatlar verir. İran və Çin tərəfləri soyuqqanlılığa çağırır. Ancaq onu unutmaq olmaz ki, yaranmış vəziyyətin arxasında bir sıra geosiyasi və hərbi məqamlar dayanır. Məsələ böyük bir geosiyasi məkanda təhlükəsizliyin təmin edilməsi ilə əlaqədardır. Üstəlik, beynəlxalq terrorla mübarizədə çox mühüm bir mərhələ başlayıb. Problemə həmin müstəvidə yanaşdıqda, bir neçə düşündürücü məqamı görmək olur”

Yaxın Şərqdə onsuz da geosiyasi vəziyyətin gərgin olduğunu deyən A.Verdiyev Rusiyanın “Cу-24″ tipli hərbi bombardmançı təyyarəsini vurulmasından sonra hər iki tərəfdən həyəcan doğuran informasiyalar yayacağının qaçılmaz olduğunu dedi: “Burada bir məqamı xüsusi qeyd etmək istərdik. Bizcə, Rusiya tərəfdaş seçimində bir qədər tələsdi. İndi Yaxın Şərqdə geosiyasi dinamika çox mürəkkəbdir. Bu səbəbdən, mütləq seçim qarşısında özünə tərəfdaş toplamağın əhəmiyyəti böyükdür. Ekspertlər belə fikirdədirlər ki, Suriya problemini Türkiyəsiz həll etmək imkan xaricindədir. Lakin ədalət naminə digər bir məqamı da unutmaq olmaz. Bizcə, Türkiyə də hardasa öz gələcəyini dərindən düşünmədən addım atdı. Vəziyyət mürəkkəb və ziddiyyətli olsa da, geosiyasi maraqlar nəzər alınsa da, strateji aspektdə Ankaranın bu məsələdə bir qədər ehtiyatlı tərpənməsi daha səmərəli olardı. Bunun iki səbəbi üzərində dayanmaq istərdik. Birincisi, Yaxın Şərqdə geosiyasi nüfuz uğrunda rəqabət güclənib. İndiki şəraitdə hansı tərəfin qalib gələcəyi aydın deyil. Üstəlik, regionun böyük dövlətləri də eyni mövqe nümayiş etdirmirlər. Onlar arasında rəqabət də xeyli intensivləşib. Belə bir şəraitdə Rusiya ilə münasibətləri gərginləşdirmək nə dərəcədə düzgündür? Budur, İran və Çin Türkiyə ilə Rusiyanı soyuqqanlı olmağa çağırırlar. Qərb dövlətləri də “iki hökumət öz aralarında münasibətləri tənzimləməlidir” kimi fikirlər bildirirlər. Digər tərəfdən, indi faktiki olaraq böyük dövlətlər iki cəbhəyə ayrılıblar. Həlledici anda onların əksəriyyəti NATO-nu seçəcək. Biz, əsasən Qərb dövlətlərini nəzərdə tuturuq. O halda reallıqda Rusiya-NATO qarşıdurması yaranmış olur. İnanmırıq ki, bu, tərəflərdən hər hansı birinə fayda versin. Çünki onların hərbi qüdrəti o səviyyədədir ki, ikisi də əldən düşə bilər. Dünyanın böyük bir ərazisində isə amansız savaş meydana gələr. Təcrübə göstərir ki, belə hallarda ən çox xalqlar ziyan çəkir”

Baş verən hadisələrin Azərbaycanı dilemma qarşısında qoyduğunu deyən ekspert təcili şəkildə siyasi çıxış yolu olmazsa fəsadlar daha da ciddi hal alacağını vurğuladı: “Rəsmi Azərbaycan mövqeyini ortaya qoydu. Qeyd olundu ki, ölkəmiz hər iki dövlətlə dostluq əlaqələrinə malikdir və baş vermiş bu münaqişədən sonra münasibətlərin normallaşması üçün vasitəçilik etməyə hazırdır. Bu olduqca düzgün və yerində atılmış addım oldu. Türkiyə bizimçün qardaş dövlətdir. Bunu heç kim dana bilməz. Lakin unutmaq lazım deyil ki, Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır. İstənilən halda bu münaqişə nə Türkiyəyə, nə də Rusiyaya lazım deyildi. Artıq heç kimə sirr deyil ki, hər iki ölkə böyük güclərin oyunun qurbanıdırlar”