“Azərbaycan antiterror əməliyyatı keçirərək Arayikin başını əzməlidir” – Politoloq

“Paşinyanın Qarabağın beynəlxalq hüququn tələblərinə görə Azərbaycana məxsus olduğunu etiraf etməsi erməni ictimaiyyətini boş xəyallardan ayıltmağa hesablanıb”.

Bu sözləri Nikol Paşinyanın “Qarabağ məsələsi Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər” açıqlamasını şərh edərkən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə Paşinyanın açıqlamalarını belə şərh edib:

“Paşinyan mətbuata açıqlamasında Qarabağ problemi ilə bağlı danışarkən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin indiyə qədər aparılan danışıqların heç bir mərhələsində Ermənistan ərazisi hesab olunmadığını, danışıqlarda Dağlıq Qarabağda azərbaycanlı əhalinin də yaşadığı və onların maraqlarının müdafiəsinin də danışıqların gündəliyində olması haqqında fikirləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dünya birliyinin “Dağlıq Qarabağ”ı Azərbaycan ərazisi olaraq tanıdığını deməsi həqiqəti əks etdirir.

Paşinyan haqlı olaraq onu da qeyd edir ki, “Dağlıq Qarabağ”ın statusu onun müstəqilliyi anlamını daşımır. Doğurdan da, indiyə qədər aparılan danışıqlarda “Dağlıq Qarabağ”ın statusu ilə bağlı danışılarkən bunun yalnız referendum yolu ilə mümkünlüyü dilə gətirilirdi. Azərbaycan Konstitusiyası isə bu cür məsələlərin bütün ölkə boyu xalqın iştirakı ilə keçiriləcək referendumla həllini nəzərdə tutur. Bu baxımdan, Paşinyan, “Qarabağ məsələsi Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər”, – deməklə, əslində, hüquqi faktları təsdiqləyib.

Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Paşinyan indiyə qədərki Ermənistan rəhbərlərindən fərqli olaraq ilk dəfədir ki, münaqişənin faktiki olaraq yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu etiraf edib. Belə olan halda haqlı sual doğur. Sən sadaladığın faktlardan indimi xəbər tutmusan? Bunları bilə-bilə “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatla çıxış edən sən deyildinmi?

Əlbəttə ki, Paşinyan da, ondan əvvəl Ermənistana rəhbərlik etmiş digər şəxslər də Qarabağın Azərbaycan məxsus olmasını gözəl bilirdilər. Sadəcə havadarlarının dəstəyi, ATƏT Minsk qrupunun fəaliyyətsizliyi, eləcə də BMT Təhlükəsizlik Şurasının öz Qətnamələrinin icrasına biganəliyi onları ürəkləndirmişdi və düşünürdülər ki, zamanla Azərbaycan da ərazilərin işğalı ilə barışacaq. Ancaq 44 günlük Vətən müharibəsi, Azərbaycanın qələbəsi, yaranan yeni reallıqlar, eləcə də istər Rusiyanın, istər Avropa İttifaqının, istərsə də digər Beynəlxalq qurumların artıq “status” məsələsini gündəmə belə gətirməməsi Ermənistan hakimiyyətini rallıqlarla barışmağa məcbur edib.

Paşinyanın açıq şəkildə bunları dilə gətirməsi isə erməni ictimaiyyətini hazırlamaq məqsədi daşıyır. O, Qarabağın beynəlxalq hüququn tələblərinə görə Azərbaycana məxsus olduğunu etiraf etməklə, əslində, uzun illərdir Ermənistandakı rejimlərin erməniləri boş xəyallarla yaşatdığına eyham vurmuş olur. Digər bir tərəfdən isə o, faktiki olaraq indiki uğursuzluqların özündən əvvəlki hakimiyyətlərin diplomatik müstəvidəki məğlubiyyətindən qaynaqladığını deməklə özünü sığortalayır. Göründüyü kimi, Paşinyan və onun hakimiyyəti getdikcə daha əsaslı şəkildə erməni cəmiyyətini Qarabağla bağlı boş xülyalardan vaz keçməyə, ayılmağa doğru istiqamətləndirir. Düşünürəm ki, bu yanaşmanı ermənilər nə qədər tez dərk və qəbul etsələr, bir o qədər özləri üçün yaxşı olar.

Paşinyanın məlum bəyanatlarına sərt təpki isə ilk olaraq separatçı rejimin rəhbəri Arayik Arutunyandan və separatçıların parlamentindən gəldi. Arayikin “Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququnun tam tanınması qeyd-şərtlərə və kompromislərə dözmür və Qarabağ sakinləri adından danışmaq hüququna yalnız onun hakimiyyət orqanları malikdir” və ya “Artsax xalqı və hakimiyyəti heç vaxt Azərbaycan daxilində hər hansı statusu tanımayacaq” tipli bəyanatları onu deməyə əsas verir ki, separatçı rejim Paşinyana meydana oxuyur. Belə olan halda isə iki yol qalır. Ya Ermənistan rəhbərliyi Arayikə yerini və həddini göstərməlidir ya da Azərbaycan antiterror əməliyyatı keçirərək terrorçubaşı Arayikin başını əzməlidir.

Hələlik müşahidədər ondan ibarətdir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla separatçıların başçısı Arayik Arutyunyan arasında münasibətlər “savaş” həddinə gəlib çatıb. Paşinyanın Arayikə qarşı Samvel Babayan kartından istifadə edəcəyi gözlənilir. Hətta erməni mətbuatında Babayanın artıq erməniləri Arayik Arutyunyana qarşı etiraz aksiyalarına hazırlaşdırdığı da bildirilir. Terrorçu Arayik Arutyunyanın isə mövcud şəraitdə Paşinyanın həmlələrinə tab gətirə biləcəyi inandırıcı görünmür. Perspektivdə Arutyunyanın dəmir barmaqlıqlar arxasına getməsi də istisna olunmur”.

Səxavət Məmməd