2019-cu il ərzində Aralda geoloji kəşfiyyat layihəsinin kommersiya komponenti üzrə danışıqlar mümkündür.
Yenicag.az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Özbəkistanda layihələr üzrə mayın 16-sı SOCAR, BP və “Özbəkneftqaz” SC arasında imzalanan razılaşmanın detalları haqqında danışarkən deyib.
İ.Əhmədov bildirib: “Sənəddə söhbət Özbəkistanın Ustyurt regionunun kəşfiyyat işləri üzrə potensialının qiymətləndirilməsindən gedir. Əldə olan materiallar öyrəniləcək və analiz ediləcək, əlavə materialların da alınacağı istisna edilmir. İl ərzində tərəflər arasında layihənin kommersiya komponenti üzrə danışıqlar başlaya bilər. Bu isə potensial geoloji kəşfiyyat işlərinin perspektivlərini qeyd etməyə imkan verəcək”.
BP-dən bildirilib ki, birgə tədqiqat üzrə razılaşma 4 ay müddətinə nəzərdə tutulub və daha əvvəl imzalanan memorandumun əsasında Özbəkistanda aparılan işlərin davamıdır.
Xatırladaq ki, “Özbəkneftqaz” SC, BP və SOCAR ötən ilin may ayında Özbəkistanın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılmasına və yataqların potensial işlənilməsinə hesablanan iki memorandum imzalayıblar.
Bundan əlavə, daha əvvəl “Özbəkneftqaz” SC SOCAR ilə strateji əməkdaşlıq haqqında razılaşma imzalayıb. Bu razılaşma özbəkistanlı mütəxəssislərin SOCAR-da hazırlanmasını, həmçinin “Özbəkneftqaz”ın Azərbaycanda şelfdə layihələrdə iştirakını nəzərdə tutur.
“Özbəkneftqaz”da əmindirlər ki, Azərbaycan və Britaniya şirkətlərinin cəlb edilməsi axtarışın effektivliyinin artırılması üçün qabaqcıl xarici texnologiyaları və metodları tətbiq etməyə imkan verəcək.