22-30 sentyabr tarixlərində Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi başa çatıb.
Yenicag.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 264 atlet (117 oğlan və 147 qız) medallar uğrunda mübarizəyə qoşulub.
Onların arasında bizim yığmanın da üzvləri də olub:
Qızlar (U-17): Səbinə Əzimova (53 kq), Oğlanlar (U-17): Elməddin Hüseynov (56 kq).
Oğlanlar (U-15): Elşən Məmmədov (50 kq), Murad Əliyev və Rüstəm Qasımov (56 kq), Nurlan Rəsulov (62 kq), Əli Şükürlü (69 kq), Tarmenxan Babayev (85 kq), Rəhman Kazımov (+94 kq).
Azərbaycan ağır atletika yığmasının 7 üzvü yaşı 15-ə qədər olan atletlərin mübarizəsinə qoşulub. Onların birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamda qazandıqları medal sayı 11-ə bərabər olub. Bunlardan 6-sı qızıl, 2-si gümüş və 3-ü bürünc medal olub. Burada Elşən Məmmədov 50 kq çəki dərəcəsində birdən qaldırma və toplamda bürünc, Rüstəm Qasımov 56 kq çəki dərəcəsində birdən, təkanla qaldırma və toplamda qızıl, Tarmenxan babayev 85 kq çəki dərəcəsində birdən, təkanla qaldırma və toplamda qızıl, Rəhman Kazımov birdən qaldırma və toplamda gümüş, təkanla qaldırmada isə bürünc medalla fərqləniblər.
Belədə, Azərbaycanın yeniyetmə oğlan ağır atletlərdən ibarət yığma komandası medal sayında Avropa birinciliyinin ən yaxşı komandası seçilib. Bu sıralamada 2-ci pillədə Gürcüstan (5 qızıl, 1 gümüş), 3-cü yerdə isə İtaliya (4 qızıl, 2 gümüş, 3 bürünc) qərarlaşıb. Ermənistan (4 qızıl, 2 gümüş) isə 4-cü olub.
Əlavə edək ki, yığma komandamızın üzvləri 7 Avropa rekordunu yeniləməklə də yadda qalıblar. Rüstəm Qasımov birdən qaldırma hərəkətində, Tarmenxan Babayev isə 3 dəfə təkanla qaldırma, 3 dəfə də toplamda Avropa rekordlarını yeniləyib. Bu yaş qrupunda yığma komandamız xal hesabında yalnız Türkiyədən geri qalaraq 2-ci pilləni tutublar. 7 atletimiz toplam 453 xal əldə edib. Lider Türkiyə 516 xal qazanıb. 3-cü olan İtaliya yığmasının aktivində cəmi 357 xal olub.
Yaşı 17-yə qədər olan atletlərin mübarizəsində 1 oğlan və 1 qız atlet çıxış etsə də, nəticələrimiz uğurlu alınıb. Qızlarda Səbinə Əzimova 53 kq çəki dərəcəsində çıxış edib və qızıl medala sahib çıxaraq 3 qat Avropa çempionu tituluna yiyələnib. Atletimiz tək olmasına baxmayaraq, onun nəticəsi (birdən və təkanla qaldırma, toplamda kiçik qızıl medallar) yığma komandamıza qızlardan ibarət komandaların mübarizəsində 6-cı yeri tutmaq imkanı verib.
Bununla yanaşı, gözəl çıxışla yadda qalan Səbinə Əzimova Sinkleyr cədvəli üzrə hesablanana reytinqdə yeniyetmələr arasında Avropa birinciliyinin ən güclü qadın atletləri arasında 2-ci yeri tutub. 260.7 xal toplayan atletimiz türkiyəli lider Levent Nuraydan (262.4 xal) çox cüzi fərqlə geri qalıb.
Beləliklə, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Kosovoda tarixi nailiyyətə imza atıb. İndiyə qədər heç bir yarışda milli komandamız Avropanın ən yaxşısı adını qazanmamışdı.