Azərbaycan-Avstriya nəqliyyat-tranzit əməkdaşlığı müzakirə edildi

İqtisadiyyat naziri Şahin Mustafayev Avstriyanın “ÖBB Holding AG” dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin xüsusi əhəmiyyətini qeyd edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Avropa İttifaqı ölkələri, o cümlədən Avstriya ilə əməkdaşlığın inkişafına böyük önəm verir. Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir, 2018-ci ildə ticarət dövriyyəsi 2 dəfə artıb. Hazırda 50-yə yaxın Avstriya şirkəti Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur.

Azərbaycanın əlverişli geostrateji mövqedə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını diqqətə çatdıran Şahin Mustafayev Avstriya ilə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı imkanlarını qeyd edib, nəqliyyat strukturları arasında əlaqələrin genişləndirilməsinin, qarşılıqlı məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və Azərbaycandan keçən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu Çinin “Kəmər və yol” təşəbbüsü ilə uzlaşır. Aparılmış uğurlu siyasət nəticəsində Azərbaycandan keçən tranzit yüklərin həcmi artır. Ölkəmizdə müasir gəmiqayırma zavodu fəaliyyət göstərir. Şimal sərhəddindən Cənub sərhəddinədək, eləcə də Bakıdan Gürcüstan sərhəddinədək müasir yollar istifadəyə verilir. Bütün bunlar Azərbaycanın nəqliyyat-tranzit imkanlarının gücləndirilməsində mühüm rol oynayır və tranzit daşımalarında fəal iştirak üçün şərait yaradır.

Avstriyanın “ÖBB Holding AG” dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Matte ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini vurğulayıb, rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib, Azərbaycanla əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun da iştirak etdiyi görüşdə ikitərəfli qarşılıqlı nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb.

COP29