Azərbaycan-Böyük Britaniya TƏRƏFDAŞLIĞI: “Ölkəmizə qarşı mümkün risklər Londonu narahat etməyə bilməz” – Politoloq

“Böyük Britaniya tərəfindən hərbi potensialımızın gücləndirilməsi, müdafiə qabiliyyətimizin artırılması üçün yeni imkanlar təqdim edilə bilər. Bu, xüsusən Ukraynada uğurla sınaqdan çıxmış zirehli texnika əleyhinə silahlar, hərbi gəmilərə qarşı vasitələr və hava hücumundan müdafiə sistemləri ola bilər”.

Bunu Rusiya-Ukrayna müharibəsi və Qarabağda baş verənlər fonunda Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippinin Azərbaycan səfəri sırasında Şəhidlər Xiyabanını ziyarət edərək Rusiyaya dolayı yolla mesaj göndərməsini dəyərləndirən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Zaur İbrahimlinin sözlərinə görə, Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippininin Azərbaycana səfəri və prezident İlham Əliyevlə görüşməsi Bakı-London əməkdaşlığının daha geniş spektri əhatə edəcəyini söyləməyə imkan verir:

“Britaniya Azərbaycanının ənənəvi müttəfiqidir, ölkəmizin neft-qaz ehtiyatlarının hasilatı, dünya bazarlarına çıxarılması, tranziti ilə bağlı infrastruktur yaradılması BP şirkəti və ingilislərə bağlı digər maliyyə-iqtisadi korporasiyalarla sıx əməkdaşlıqda həyata keçirilib. BP Azərbaycanda ən böyük sərməyadardır, həmçinin Britaniya investisiyaları da xarici sərmayədə mühüm yer tutur. Böyük Britaniya ardıcıl olaraq və qəti şəkildə 44 günlük Vətən Müharibəsində Azərbaycanı müdafiə etdi. Düşünmək olar ki, indiki mərhələdə iqtisadi, siyasi sahədə əlaqələrin dərinləşdirilməsi ilə yanaşı, hərbi sahədə daha sıx əməkdaşlıq məsələləri müzakirə olunur. Rusiyanının Ukraynaya işğalçı hücumu və Moskvanın aqressiv xarici siyasəti, Kremlə yaxın çevrələrdən səslənən və Bakının da hədəf göstərildiyi təhdidlər, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmilərinin təhdidləri Azərbaycan və bölgə üçün mümkün riskləri daha aydın görməyə imkan verdi. Eyni zamanda, Ukrayna müharibəsindən sonra Rusiyandan yan keçən Şərq-Qərb, Şimal-Cənub istiqamətində nəqliyyat-kommunikasiya dəhlizlərinin əhəmiyyəti daha artacaq. Azərbaycan məhz bu baxımdan coğrafi yerləşməsinə görə böyük əhəmiyyətə malikdir. Bütün bunlar Böyük Britaniyanın Azərbaycanla digər sahələrlə yanaşı, hərbi, müdafiə sahəsi ilə bağlı əməkdaşlığını vacib edir.

Azərbaycan Böyük Britaniyanın ən əhəmiyyətli tərəfdaşlarından biridir və ölkəmizə qarşı mümkün risklər Londonu narahat etməyə bilməz.

Həmçinin Azərbaycan hazırda orduda islahatlar həayata keçirir və Türkiyə modeli əsas götürülür, bu isə NATO standartları deməkdir. Böyük Britaniya bu istiqamətdə də yardım edə bilər.

Bütün bunlarla yanaşı, Böyük Britaniyanın Silahlı Qüvvələr nazirinin Azərbaycana səfəri, Şəhidlər Xiyabanını ziyarət etməsi Bakının London üçün əhəmiyyətini diqqətə çatdırmaq və güclü mesaj vermək idi”.

Səxavət Məmməd

COP29