!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan bu gün dünyaya növbəti mesajını verdi” – Hərbi parad təəssüratı

!Reklam – Yazi

“İşğalçı Ermənistan bu gün Bakıda nümayiş etdirilən ən müasir silah və texnikanın “parad eksponatı” olmadığını yaxşı bilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş hərbi paradı dəyərləndirən ekspert Əlabbas Məhərrəmov deyib.

Ekspertin fikrincə, bu gün keçirilən hərbi parad öz möhtəşəmliyi ilə seçilməklə yanaşı, həm işğalçı Ermənistana, həm də onun beynəlxalq hamilərinə qəti mesaj oldu:

“Əslində, hələ neçə həftə əvvəl yayılmış məlumatlarda da bildirilirdi ki, Ordumuzun 100 illiyinə həsr olunan hərbi parad əzəməti ilə seçiləcək. Elə son günlər Bakıda aparılan parad məşqləri də bu aksiyanın çox əlamətdar olacağını təsdiqləyirdi. Bu baxımdan, parada həm Azərbaycanın daxilində, eyni zamanda da xaricində böyük maraq vardı.

Vurğulamaq lazımdır ki, prezident İlham Əliyevin tədbirin əvvəlində etdiyi çıxış Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məsələsində qətiyyətli mövqeyinin dəyişməzliyini bir daha nümayiş etdirdi. Əlbəttə ki, prezidentin belə qətiyyətli mövqeyi Azərbaycanın mövcud potensialından, ilk növbədə isə qüdrətli Ordumuzun olmasından qaynaqlanır.
Paradda sərgilənən müasir silah və texnika isə Azərbaycanın öz hərbi arsenalını necə ciddi şəkildə böyütdüyünü və modernləşdirdiyini göstərdi. Nümayiş olunan hərbi texnika Azərbaycanın müasir texnologiya və hərb elminin nailiyyətlərindən maksimum yararlanmasının göstəricisi sayılmalıdır.

Bu parad Azərbaycanın hərbi qüdrətinin nümayişi olmaqla yanaşı, digər aspektlərdən də çox səciyyəvidir. Azərbaycan bu gün keçirdiyi hərbi paradla dünyaya növbəti mesajını verdi. O mesaj Bakının bütün kənar təzyiqlərə baxmayaraq, öz ərazilərini güzəştə getməyəcəyini ehtiva edir. Hər halda, İrəvan bu hərbi gücdən nəticə çıxarmalıdır. İşğalçı Ermənistan bu gün Bakıda nümayiş etdirilən ən müasir silah və texnikanın “parad eksponatı” olmadığını yaxşı bilir və ona görə də təcavüzkar siyasətinə nəhayət son qoymalıdır.

Keçirilən parad həmçinin əhalidə ruh yüksəkliyinin artırılması, xüsusilə, gənc nəslin vətənpərvərlik hisslərinin gücləndirilməsi nəzərindən də çox əhəmiyyətlidir. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Ərazi bütövlüyümüzün və təhlükəsizliyimizin qarantı olan Ordumuz həqiqətən də, millətimizin qürur mənbəyidir”.

A.Zeynalov

www.yenicag.az

4699
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv