!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan bu layihələri təkbaşına həyata keçirmək imkanında olsa da...” – Ekspertdən TƏKLİF / VİDEO

!Reklam – Yazi

“İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasında Avropa İttifaqının texniki dəstəyi və tövsiyələrindən yararlanmaq olar”.

Bunu işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələrinin həyata keçirilməsində başqa ölkələrin mümkün iştirakını dəyərləndirən iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Rəşad Həsənovun fikrincə, işğaldan azad olunmuş ərazilərdə bərpa prosesi yeni konsepsiyalar əsasında və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilməlidir:

“Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinin aparılmasını təkbaşına həyata keçirmək imkanında olsa da, bu proses xeyli vaxt apara bilər. Lakin bu prosesin sürətlə getməsi və infrastrukturun nəzərdə tutulan vaxtda bərpa olunması çox vacibdir.

Eyni zamanda, həmin ərazilərdə biznes mühitinin formalaşması və mövcud resursların səmərəli idarə olunması ilə nəticələnən bərpa prosesinin reallaşdırılması daha məqsədəuyğundur. Buna görə də xarici mütəxəssislərin, beynəlxalq təşkilatların, ixtisaslaşmış qurumların texniki dəstəyinə ehtiyac var.

Bununla yanaşı, beynəlxalq maliyyə institutlarının və müəyyən dövlətlərə məxsus fondların maliyyə yardımından istifadə edilməlidir. Həmçinin xarici ölkələrdəki Azərbaycan diasporunun da bu prosesə hər hansı formada yardım göstərməsi lazımdır.

Azərbaycanın nəzərdə tutduğu konsepsiya məskunlaşmanın sürətlə həyata keçirilməsi ilə yanaşı, bölgənin mövcud iqtisadi resurslarından səmərəli şəkildə istifadə etməyə imkan yaradır. İşğaldan azad olunmuş ərazilərdə insanlar məskunlaşacaqsa, orada iqtisadiyyat dirçələcək və turizmin inkişafı üçün zəmin yaranacaq”.

Nəzərdə tutulan ərazilərdə tarixi-mədəni elementlərin mövcudluğuna da toxunan iqtisadçı vurğulayıb ki, həmin bölgələrin özünəməxsus qədim tarixi ilə yanaşı, bir müddət davam etmiş “işğal tarixi” də mövcuddur. Bu tarixləri yaşatmaq vacibdir:

“Həmin torpaqların bir tarixi hekayəsi var. Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq hüquqa əsaslanması və insanların məlumatlandırılması üçün o tarixin qorunub saxlanılması vacibdir.

Bu baxımdan, beynəlxalq təşkilatların prosesə cəlb olunması o demək deyil ki, Azərbaycan öz tarixi irsinə laqeyd yanaşır. Sadəcə olaraq, beynəlxalq təşkilatlar infrastrukturun qurulmasında yetərincə peşəkardırlar və Azərbaycan onların təcrübəsindən istifadə etməlidir”.

Gülşən Şərif

www.yenicag.az

2828
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv