“Azərbaycan bununla özünün liderlik və təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi” – Asim Mollazadə
“Ölkəmizdə uğurla tətbiq edilən bu modellə Qoşulmama Hərəkatına üzv ölkələr də yaxından tanış oldular”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə baş tutan Zirvə görüşünün əhəmiyyətini dəyərləndirən Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə deyib.
Asim Mollazadənin sözlərinə görə, Azərbaycan prezidentinin bu təşəbbüsü beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın mümkünlüyünə inamı xeyli artırıb:
Azərbaycan bu davranışı ilə bütün dünyaya nümayiş etdirdi ki, nüfuzlu beynəlxalq təşkilatlar sədrlik formal xarakter daşımamalıdır. Azərbaycan bu təşəbbüsü gerçəkləşdirməklə, çətin günlərdə ölkələri birləşdirmək, əməkdaşlığa, tərəfdaşlığa çağırmaq bacarığını ortaya qoydu.
Azərbayan həmçinin Dünya Səhiyyə Təşkilatına (DST) pandemiya ilə mübarizədə maliyyə yardımı da göstərib. Azərbaycan bununla beynəlxalq təşkilatların təkibində əməkdaşlıq, hüququn aliliyinin qorunması və humanist dəyərlər ətrafında birləşmək imkanı ilə bacarığının olduğunu təsdiqlədi. Bununla yanaşı, Azərbaycan həm də pandemiya ilə mübarizədə əldə etdiyi təcrübəni başqa ölkələrlə bölüşmək nümunəsini göstərdi.
Azərbaycan bu qlobal pandemiya ilə mübarizə fonunda ilk növbədə öz vətəndaşlarının sağlamlığı ilə bərabər, həm də onların rifahını da düşündü və konkret addımlar atdı.
Baxmayaraq ki, bu, iqtisadi itkilərə səbəb oldu, lakin aztəminatlı təbəqələrə sosial dəstəyi təmin etmək üçün çox uğurlu model formalaşdırıldı və həyata keçirildi. Eyni zamanda, Azərbaycanda uğurla tətbiq edilən bu modellə Qoşulmama Hərəkatına üzv ölkələr də yaxından tanış oldular.
Düşünürəm ki, Azərbaycan Türk Şurası Zirvəsindən sonra belə bir nüfuzlu beynəlxalq təşkilatın sədrliyini uğurla həyata keçirməklə, öz liderlik bacarığını dünyaya nümayiş etdirdi”.
Aqil Bəkir