“Ölkəmizin dünyada siyasi çəkisi artır və irəli sürdüyü təşəbbüslər digər dövlətlər tərəfindən dəstəklənir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin bu il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşünü təşkil etməsinin doğurduğu beynəlxalq reaksiyaları dəyərləndirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.
Araz Əlizadənin sözlərinə görə, Azərbaycan çox ölkələrdən fərqli olaraq, irəli sürdüyü təşəbbüsləri uğurla həyata keçirir:
“Qoşulmama Hərəkatının konfransını keçirmək Azərbaycanın dünyadakı siyasi çəkisinin armasından xəbər verir”.
Araz Əlizadə Qoşulmama Hərəkatının iclasının əhəmiyyəti haqqında bunları deyib:
“Qoşulmama Hərəkatının ölkə başçıları koronavirusa qarşı mübarizədə öz fəaliyyətlərini müzakirə etdilər, birgə qərarlar verərək, çıxış yolları axtardılar.
Pandemiya böyük bir fəlakətdir və heç bir ölkə onun qarşısını təkbaşına ala bilməz. Bu barədə bütün ölkələrin yekdil qərarı və birgə fəaliyyəti olmalıdır. Qoşulmama Hərəkatının prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan toplantısı da həmin çıxış yollarının axtarışı idi.
Çox ölkələr istəyərdilər ki, bu səviyyədə beynəlxalq konfranslar təşkil etsinlər. Cəhd elədilər ki, G-20-nin konfransını keçirsinlər, amma alınmadı. Lakin Azərbaycan Qoşulmama Hərəkatının konfransını keçirə bildi. Bu onu göstərir ki, ölkəmizin dünyada siyasi çəkisi artır və irəli sürdüyü təşəbbüslər digər dövlətlər tərəfindən dəstəklənir”.