Polşanın Poznan şəhərində keçirilmiş gənclər arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları ümumilikdə bir gümüş və beş bürünc medala sahib olublar.
Yenicag.az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının yaydığı xəbərdə, turnirin ilk günü beş çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Oğlanların yarışında -66 kq çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq çəkidə Nizami İmranov və -66 kq çəkidə Nicat Nağıyev yarışı beşinci yerdə başa vurub.
Qızların yarışında -78 kq çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq çəkidə Nigar Süleymanova isə yarışı yeddinci yerdə tamamlayıb.
Yarışın ikinci günündə oğlanların mübarizəsində -90 kq çəkidə İsmayıl Zamanov və +100 kq-da Kənan Nəsibov bürünc medal qazanıblar. -81 kq çəkidə Ömər Rəcəbli və -90 kq-da Əjdər Bağırov yarışı beşinci yerdə tamamlayıblar. Qızların mübarizəsində isə -48 kq-da Leyla Dəmirova yarışı beşinci yerdə başa vurub.