“Azərbaycan Cümhuriyyəti haqqında filmə çəkilmək istəyirəm” – “Payitaht Abdülhamid”in “Tahsin Paşa”sı – ÖZƏL

“Bakıya ilk gəlişim azərbaycanlı qardaşlarımızın Çanaqqala Savaşında iştirakından bəhs edən “Eşq cəbhəsi” kitabının təqdimatı ilə əlaqədar idi”.

Bu fikirləri Yenicag.az-a özəl açıqlamasında Türkiyənin məşhur aktyoru, populyar “Payitaht Abdülhamid” serialında Tahsin Paşa obrazını canlandıran Bahadır Yenişehirlioğlu deyib.

Tanınmış aktyor öncə bir neçə il əvvəl baş tutmuş Bakı səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb:

“Bakı həqiqətən, çox gözəl şəhərdir və məni xeyli təsirləndirdi. Doğrusu, Bakının bu qədər gözəl, modern şəhər olacağını zənn etməmişdim. İndi isə eşidib-bildiyim qədəri ilə, Bakı daha da gözəlləşib. Şəhərin görünüşü, möhtəşəm binalar, istiqanlı insanlar çox təsiredicidir. Biz bir millətik. Bakıda üzləşdiyim sayğı, hörmət məni çox duyğulandırdı.

Bir neçə il əvvəl baş tutan səfərim çərçivəsində bir çox yerləri gəzmək imkanım oldu. Bildiyiniz kimi, Çanaqqala Savaşında azərbaycanlı qardaşlarımız da yaxından iştirak edib, şəhid olublar.

Bu məsələlərə həsr olunmuş “Aşk cəbhəsi” adlı kitab yazmışdım.  Gəlişim də həmin kitabın təqdimatı ilə əlaqədar idi. Yəni Bakıya ilk gəldiyim zaman indi çəkildiyim “Payitaht Abdülhamid” serialı üzərində işlərə hələ başlanmamışdı.

Ancaq sosial şəbəkələrdəki dostlarımızın mənə yazdıqlarından bilirəm ki, “Payitaht Abdülhamid” serialı Azərbaycanda da çox populyardır. Yeri gəlmişkən, dəyərli dostumuz Hüseyin Büyükfırat “Payitaht Abdülhamid” serialının 51-ci bölümündə rol aldı. Onun iştirakı ilə çox mənalı bir səhnə çəkildi.

İnşallah, qarşıdakı dövrdə Bakıya yenidən gəlməyi arzulayıram. Elə Hüseyin bəy də məni Bakıya dəvət etdi. O səfərim zamanı “Payitaht Abdülhamid” serialını və canlandırdığım Tahsin Paşa obrazını dəyərləndirən azərbaycanlı qardaşlarımızla görüşmək imkanım olacaq.

Yenişeherlioğlu gələcəkdə Azərbaycanla bağlı layihələrdə mümkün iştirakı haqqında da məlumat verdi:

“Bu il Azərbaycan Xalq Cümhuriyyəti qurulmasının 100-cü ildönümüdür. Azərbaycan Qurtuluş Savaşı zamanı Türkiyəyə hərtərəfli yardım göstərdi.  “Qardaş qardaşa borc verməz” düşüncəsi ilə pul, qızıl, neft göndərdi.

Qismət olsun, Azərbaycanda bu münasibətlə film çəkilməsi nəzərdə tutulur. İnşallah, ömür vəfa edərsə, mən də o filmdə çəkilmək istəyirəm”.

Məşhur aktyor sözünün sonunda Azərbaycan xalqına sevgisini və tezliklə görüşmək ümidini ifadə edib:

“Vallah, Azərbaycan bizim qardaşımız, canımız-ciyərimizdir. Hər kəsin bildiyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. İki qardaş ölkə arasında bağlılıq çox güclüdür. Azərbaycandakı bütün qardaşlarımıza könül dolusu sevgi və hörmətimi yetirirəm. İnşallah, ən qısa zamanda sizlərlə görüşmək istəyirəm”.

A.Zeynalov

COP29