Azərbaycan defolt ərəfəsindədir?

277775Samir Əliyev: “Bütün proseslər ona doğru gedir”

Azərbaycan bankrot vəziyyətə çatıb. Bu proqnozu Dünya Bankının ötən gün açıqladığı “Qlobal iqtisadi perspektivlər-2016″ adlı hesabatında yer alıb. Dünya ölkələrinin iqtisadiyyatlarının inkişaf və tənəzzül göstəricilərinin açıqlandığı hesabatda Azərbaycan iqtisadiyyatı “bankrot vəziyyət” kimi qiymətləndirilib.

Bunun səbəb olan amil qismində isə dekabrın 21-də növbəti devalvasiyadan sonra dövlət qurumlarının xarici borclarının 2 dəfəyə qədər artması göstərilir. Hazırda dövlət qurumlarının xarici borcları 7 milyard dollar həndəvərindədir.

Həqiqətənmi, Azərbaycan artıq defolt vəziyyətinə çatıb?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev defolt barədə danışmağın hələlik tez olduğunu bildirdi: “Məsələ ondan ibarətdir ki, bu gün Azərbaycanda bankrotdan danışmaq hələ ki, tezdir. Baxmayaraq ki, bütün proseslər ona doğru gedir. Amma Azərbaycanın kredit reytinqinə baxsaq, hələlik burada pisləşmənin olmadığını görərik. Düzdür, birinci devalvasiyadan sonra reytinq agentlikləri qeyd etmişdi ki, neftin qiyməti daha da aşağı enərsə, bu Azərbaycanın da reytinqinə təsir göstərə bilər. Dekabr devalvasiyası isə güman ki, Azərbaycanın reytinqinə mənfi təsirini göstərəcək. Lakin hələlik Azərbaycanın reytinqi defolt həddində deyil. Çox güman ki, burada əsas problem borc problemidir. 2015-ci il üçün ölkəmizin ümum daxili məhsulu (ÜDM) azalaraq 36-37 milyard dollar civarında olacaq. Dövlətin xarici borcu isə 7 milyard dollara yaxındır. Onun üzərinə SOCAR-ın da borcunu gəlsək, belədə borcun həcmi 14 milyard dollara çatır. Dövlətin özünün və dövlət zəmanətilə alınan digər borcları, bankların borclarını da bura əlavə etsək, hardasa borcun həcmi 20 milyard dollara qədər olacaq. 36 milyardlıq ÜDM-də 20 milyard dollarlıq borcun olması özü də kifayət qədər böyük rəqəmdir. Bu isə ÜDM-nin təxminən 60 faizi deməkdir. Avropa Birliyində borcların limit səviyyəsi 60 faiz civarında müəyyənləşib. Belədə görürük ki, Azərbaycanın borc problemi getdikcə artır. O baxımdan yəqin ki, bundan sonra dövlət şirkətlərinin reytinqinin aşağı salınması baş verəcək. Bu mənada da yaranmış vəziyyət ölkəmiz üçün çətinlik yaradır. Amma defolt barədə danışmaq hələ ki, tezdir”.

ELÇİN