Azərbaycan diasporu üçün YENİ ÇAĞIRIŞLAR: Xaricdəki soydaşlarımız keyfiyyət dəyişikliyinə necə can atır? – TƏHLİL
Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində qarşıya yeni vəzifələr qoymaqdadır.
1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına nail olmaqla yanaşı, həm də dövlətin milli-mənəvi dəyərlərə söykənən demokratik əsaslarla idarə olunmasını təmin etdi. Bu fonda diaspor quruculuğu da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, icmalar, cəmiyyət və birliklərarası fəaliyyətin genişləndirilməsi əsas diskusiya predmetlərindən biri idi.
Bu gün Azərbaycan diasporu dedikdə, xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. “Xaricdə yaşayan azərbaycanlılar” anlayışının təfsiri “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb. Bu qanuna əsasən “xaricdə yaşayan azərbaycanlılar” anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-in və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir.
Azərbaycan diasporasının inkişafı baxımından Ulu Öndər 23 may 2001-ci ildə “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” sərəncam imzaladı. Həmin ilin 9-10 noyabr tarixində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etdi. Heydər Əliyevin 2002-ci il iyulun 5-də imzaladığı “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında”kı fərmanı isə lobbiçiliyin mütəşəkkilləşmə dövrünün başlamasına səbəb olub. Komitənin yaradılmasında əsas məqsəd xaricdə yaşayan həmvətənlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi idi.
Unutmaq olmaz ki, lobbiçiliyin həyata keçirilməsi üçün ilk növbədə xarici dövlətlərdə güclü diasporun formalaşdırılmasına, eləcə də qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinə ehtiyac var. Bu baxımdan prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Nəticədə tam hüquqi baza yaradıldı. Lobbiçilik və milli həmrəyliyin təşəkkül tapmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin dünyada təbliğ edilməsi ilə yanaşı, Xocalı soyqırımının növbəti ildönümləri ərəfəsində dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər həyata keçirir, diaspor təşkilatlarını bu məqsədə xidmət edəcək bütün vasitələrlə təmin edir.
Fondun bu adla keçirdiyi kampaniya çərçivəsində internet üzərindən dövlətlərə müraciət məqsədilə yaradılan petisiyalara qısa müddətdə milyonlarla azərbaycanlının səs verməsi birlik və həmrəyliyimizlə bağlı dünyaya bir mesajdır.
Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, ölkəmizlə əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük ehtiyac duyulur. Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün Avropada, Şimali və Cənubi Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-də 460-dan çox Azərbaycan icmaları yaradılıb. Azərbaycan diasporu artıq tək azərbaycanlılarla deyil, dost və qardaş olan ölkələrin diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir.
Hazırda Türkiyə və Azərbaycan diasporları Avropada, Amerikada erməni yalanları, vandalizminə qarşı birləşiblər. Bundan əlavə, İsrail və Azərbaycan diasporları da birgə fəaliyyətin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edirlər. Xüsusilə, böyük zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan diasporunun xaricdəki erməni lobbisinin fəaliyyətinə qarşı atdığı addımlar artıq keçmişdə qalan erməni işğalının tanıdılması, eləcə də işğalla bağlı erməni yalanlarının qarşısının alınması üçün konsepsiyalar üzərində işləyir. Mövcud dönəmdə Azərbaycana qarşı çoxsaylı erməni diaspor təşkilatı fəaliyyət göstərsə də, ölkəmizin dünyadakı nüfuzu getdikcə artmaqdadır. Bu, Azərbaycan hökuməti və lobbisinin birgə fəaliyyətinin məqsədyönlü nəticəsidir. Artıq erməni lobbisi istənilən zaman antiAzərbaycan tədbiri keçirməyə cəhd etsə də, qarşısında mütəşəkkil və güclü Azərbaycan diasporunu görür. Çünki dövlətimiz bu istiqamətdə perspektivə hesablanmış effektli addımlar atır.
Gülşən Şərif
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanmışdır.