Azərbaycan diplomatları Cümhuriyyətin qurucularının Fransadakı məzarlarını ziyarət etdilər

Azərbaycan Xalq Cümhuriyyətinin 106-cı ildönümü münasibətilə Fransadakı diplomatlarımız Paris Sülh Konfransına qatılmış, ancaq sonradan Vətənə qayıda bilməyən Cümhuriyyət qurucularının xatirəsini yad edərək, onların Paris ətrafındakı qəbirlərini ziyarət ediblər.

Yenicag.az xəbər verir ki, Paris yaxınlığında Sən-Klu (Saint Cloud) qəbiristanlığında uyuyan Xalq Cümhuriyyəti parlamentinin, eləcə də Paris Sülh Konfransında nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşovun və milli hökumətin rəsmi mətbu orqanı “Azərbaycan” qəzetinin naşiri, Azərbaycanın məşhur bəstəkarı Üzeyir Hacıbəylinin qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin xatirəsi yad edilib, məzarları üzərinə əklil qoyulub.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva 106 il əvvəl mayın 28-də müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin sayəsində ölkəmizin müstəqilliyi məhz ilk dəfə burada – Paris Sülh Konfransında tanındığını xatırladıb. Cəmi 23 ay mövcud olmuş Cümhuriyyətin nümayəndələrinin keçdiyi çətin yollardan, onların mühacir həyatından danışan səfir bildirib ki, həmin dövrün mürəkkəb bеynəlхаlq siyаsi şərаiti, müstəqil dövlətimizə qarşı хаrici təzyiqlərin аrtmаsı nəticəsində Аzərbаycаn Хаlq Cümhuriyyəti süqut еtsə də, хаlqın təfəkküründə аzаdlıq, dеmоkrаtiyа və müstəqil dövlətçilik idеyаlаrı dərin kök sаldı. Azərbaycan müstəqilliyinin bərpasından sonra Xalq Cümhuriyyəti tarixinin həqiqətlərinin üzə çıxarılmasında, onun Azərbaycan tarixində yerinin və əhəmiyyətinin göstərilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub.

Qeyd edilib ki, Ümummilli Liderimizin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də xalqımızın şanlı tarixinə lazımi qiyməti verir. Dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi sübut edir ki, ölkəmizdə dövlətçilik ənənələrinə, dövlətçilik tarixinə böyük önəm verilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpa olunub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının da ruhu şaddır. Çünki Paris Sülh Konfransına yola düşmüş nümayəndə heyətinin üzvləri bu yolda çox ciddi çətinliklərlə üzləşiblər.

Diplomatlar Cümhuriyyət Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinin xatirəsini dərin ehtiramla yad ediblər.

Anım tədbirində nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanıtmaq üçün Paris Sülh Konfransında fədakar fəaliyyəti barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, Cümhuriyyətin nümayəndə heyətinin üzvlərinin Fransadakı məzarları Azərbaycan dövləti və Heydər Əliyev Fondu tərəfindən bərpa edilib.

COP29