Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik korpusunun qarşısında ali təhsil müəssisəsinin 2024-cü il məzunları üçün təntənəli “Məzun günü” tədbiri keçirilib.
Açıq havada təşkil edilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yenicag.az xəbər verir ki, çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bakalavr və magistratura pilləsindən məzun olan bütün tələbələri təbrik edib. Rektor bildirib ki, Aqrar Universitet hər zaman məzunlarının yanındadır onları izləyir və uğurları ilə fəxr edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzu edib.
Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop və Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov da çıxışlar edərək, xoş arzularını dilə gətiriblar.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Elm təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, rəsmilər, müəllim və məzunlar iştirak ediblər.
Daha sonra təhsilini yüksək ümumi orta göstərici ilə başa vuran fakültə birincilərinə təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Təltiflərdən sonra ADAU-nun fəxri kötüyü universiteti birinciliklə bitirən məzunun adının həkk olunması üçün səhnəyə gətirilib. Məzun Əli Xudiyev adını fəxri kötüyə həkk edib.
Rəsmi hissədən sonra əyləncəli konsert proqramı start götürüb. Müğənni Nərgiz Məcidli və DJ Amil Məhərrəmovun bir-birindən maraqlı ifaları, alov, zər və tüstü nümayişləri konsertə xüsusi rəng qatıb.
Sonda tədbir xüsusi atəşfəşanlıqla başa çatıb.