Azərbaycan dövlətinin GƏNCLƏR SİYASƏTİ: “Onlar bu tarixi müjdəni xalqa bəxş etdilər”

Bu gün Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi şübhəsizdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs gənclərin milli-mənəvi dəyərlər kontkestində inkişafını şərtləndirir. Bu fonda Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Ümummilli Lider tərəfindən bu istiqamətdə həyata keçirilən uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Belə ki, ölkə başçısı uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində tapşırıqlar verir. Uşaqların hüquqlarına dair bir çox beynəlxalq sənədlərə qoşulan Azərbaycanla beynəlxalq təşkilatlar arasında əməkdaşlıq da genişlənməkdədir.

Bundan başqa, gənclərə göstərilən diqqət və qayğı nəticəsində son illər gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı artmaqda davam edir. Gəncliyimiz Azərbaycanın təbliği baxımından əhəmiyyətli təsir vasitəsinə çevrilib. Xüsusən də ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” Cənab Prezident tərəfindən təsdiq olunub. Sənədin əsas məqsədi bu dövr ərzində Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməyi, həmin potensialdan Azərbaycan Respublikasının mənafeyi naminə istifadə etməyi, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmağı nəzərdə tutur.

Mövzu ilə bağlı Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Yenicag.az-a açıqlamasında bildirib ki, gənclər siyasəti bu gün də ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir:

“Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Gənclərimiz həm də könüllülər hərəkatının aparıcı gücüdür. Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzaladı. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. 2020-ci il Vətən müharibəsi dövründə tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstərdilər. Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər. Bu gün gənclərin təşəbbüsləri, onların əməyi hər yerdə görünməkdədir. Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad və özünə güvənən ölkədə yaşayır”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanmışdır.