Azərbaycan endemik bitkilərin siyahısına yeni növ əlavə edildi

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva, Ali bitkilərin ekologiyası və coğrafiyası laboratoriyasının müdiri dosent Elman Yusifov və dosent Vüqar Kərimov Azərbaycan florası üçün yeni olan növ üzrə tədqiqat aparıblar.

İnstitutdan Yenicag.az-a bildirilib ki, azbölümlü psefellus (Psephellus paucilobus) adlanan bu çoxillik ot bitkisi Azərbaycan florası üçün ilk dəfə olaraq Böyük Qafqazın şərq hissəsində, Quba rayonunun Qrız-Dəhnə kəndi ətrafında subalp qurşağın bitki örtüyündə qeydə alınıb.

Növün təyinatı zamanı mütəxəssislər tərəfindən Qafqazın endemik növü, eyni zamanda, Azərbaycanın subendemik növü kimi təsdiqlənib və beləliklə, Azərbaycanın milli endemiklərinin sayına daha bir növ əlavə olunub.

Qeyd etmək lazımdır ki, bu növ Dağıstanın endemik bitkiləri siyahısındadır.

Tədqiqatın nəticələrinin əksini tapdığı “Azərbaycan florası üçün yeni növ” adlı məqalə “Botaniçeskiy Jurnal”da çap olunub.