Azərbaycan ərazisində qəzaya uğrayan pilotlu kosmik obyektin heyətinin xilas edilməsi qaydası açıqlandı

Kosmik obyektlərin və onların hissələrinin Azərbaycan Respublikasının ərazisində aşkar edildiyi yerlərdə kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq edilməsinə yol veriləcək.

Yenicag.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, Azərbaycan Respublikasında kosmik fəaliyyət və kosmik sənaye sahələrində fəaliyyət həyata keçirilərkən ətraf mühitin qorunması, ekoloji və texniki təhlükəsizlik tələblərinə riayət edilməsi üçün müvafiq olaraq “Ətraf mühitin mühafizəsi haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulan tədbirlər görülür.

Kosmik obyektlərin və onların hissələrinin Azərbaycan Respublikasının ərazisində aşkar edildiyi yerlərdə kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq edilməsinə yol verilir. Azərbaycan Respublikasının ərazisində qəzaya uğrayan pilotlu kosmik obyektin heyətinin xilası üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədbirlər görülür, habelə qəza ərazisində kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq edilir.

Reyestrdə qeydiyyata alınmış kosmik obyektin kosmik operatoru tərəfindən idarə edilməsi mümkün olmadıqda, Müqaviləyə əsasən, kosmik uçuşun təhlükəsizliyi üçün onun əvəzinə kosmik obyektin idarə edilməsi milli kosmik operator tərəfindən həyata keçirilir. Bu zaman reyestrdə qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisi milli kosmik operatoru kosmik obyektin müvəqqəti idarə edilməsi imkanı ilə təmin etməlidir.

Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

COP29