Azərbaycan-Ermənistan münasibətində Rusiya TƏLƏSKƏNLİYİ və regionda qalmaq İSTƏYİ – Şərh

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır. Rusiya xarici işlər naziri Sergey Lavrov isə Rusiya diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır. Rusiya prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırdır.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, Kreml və İrəvanın delimitasiya və demarkasiya prosesini həll etməkdə bu qədər tələsməsi təsadüfi deyil:

“Hər iki ifadədə müəyyən tələskənlik və prosesi “oldu-bitdi” şəklində həll etmək məqsədi hiss olunur. Digər tərəfdən, Ermənistan ilə Azərbaycan arasında heç yekun sülh müqaviləsi belə imzalanmayıb. Bu ona görə vacibdir ki, yekun sülh müqaviləsində əks olunacaq bəndlərdən biri də rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Erməni tərəfi anlayır ki, sərhədlərin delimitasiya və demarkasiyası üzrə yekun sənəd imzalansa da, bu, texniki bir sənəd olacaq. Lakin Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi siyasi sənəd olacaq. Buna görə də rəsmi İrəvan delimitasiya və demarkasiya prosesini yekun sülh müqaviləsindən öncə ilkin şərt olmadan həll etmək istəyir.

Kremlin prosesdə tələsməsinə gəlincə, bu, rəsmi Moskvanın regiona əlavə qüvvə gətirmək istəyi ilə əlaqədardır. Lavrov Bakı və İrəvana konsultativ yardım göstərməyə hazır olduqlarını bildirsə də, söhbətin hansı konstruktiv addımdan getdiyini demir. Çox güman ki, Kreml Ermənistan – Azərbaycan sərhədinə hərbi qüvvələr yerləşdirərək həm sərhədlərin delimitasiya və demarkasiya prosesini həll edə, həm də bu yolla gələcəkdə ehtimal olunan gərginliyin qarşısını almaq bəhanəsi ilə regionda qala bilər. Bu prosesin Ermənistan ilə Azərbaycan arasında yekun sülh müaviləsindən öncə baş verməsi isə ona görə vacibdir ki, Kreml həm Qarabağda sülhməramlılarını saxlamaq, həm də Ermənistan-Azərbaycan sərhədində öz sərhədçilərini yerləşdirmək istəyir”.

Gülşən Şərif