“Azərbaycan-Ermənistan sərhədində eskalasiya heç kimin marağında deyil”

Azərbaycan-Ermənistan sərhədində eskalasiya heç kimin marağında deyil.

Yenicag.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

“Biz sərhəddə hərbi əməliyyatların genişlənməsinə qarşı xəbərdarlıq edirik. Biz hamının hüquqlarına hörmət edilən regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik. Davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlar masasıdır. Eskalasiya heç kimin marağında deyil”, – deyə o bildirib.

Qeyd edək ki, 2024-cü il martın 31-də Azərbaycan Müdafiə Nazirliyi son günlər Ermənistan silahlı qüvvələrinin bölmə və hərbi texnikasının şərti Ermənistan-Azərbaycan dövlət sərhədinin müxtəlif istiqamətlərində cəmləşməsi ilə bağlı rəsmi məlumat yayıb.

“Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınmışdır.

Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.

Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək”, – Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir./Trend/

COP29