“Sülh prosesi Azərbaycanın Ermənistanın konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvinə aid olan təkidlərinə görə hələlik dirənir. Ona görə də bizdə artıq belə fikirlər yaranıb ki, Ermənistan, ümumiyyətlə, sülh istəyir, ya sülhü imitasiya edir?”
Bu sözləri Yenicag.az-a açqılamasında Azərbaycanın sabiq xarici işlər naziri, siyasi təhlilçi Tofiq Zülfüqarov deyib.
Siyasətçi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin 16 bəndinin razılaşdırılması məsələsi ilə yanaşı, İrəvanın müqavimət göstərdiyi məsələlərə münasibət bildir.
O, xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan 2021-ci ilin fevralında 5 maddəlik prinsip irəli sürüb:
“Bu prinsiplərə baxsaq, görərik ki, orada BMT Nizamnaməsində olan bəndlər mövcuddur və bu bəndlər ölkələrin qarşılıqlı münasibətlərinin təməl prinsiplərini özündə əks etdirir. Lakin danışıqlar prosesində İrəvan konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı dirənməsi onu göstərir ki, ermənilər sülh istəmirlər”.
T. Zülfüqarovun fikrincə, bu gün gündəmə gələn vacib mövzulardan biri də Ermənistanın sözügedən münaqişəyə görə siyasi məsuliyyəti qəbul edib-etməməsidir:
“Yəni vaxtilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası nəticəsində münaqişə yaranıb, daha sonra isə hərbi işğal baş verib. Bu hadisələrin nəticəsində isə minlərlə insan qurban olub. Sual oluna bilər ki, bu proseslərin siyasi məsuliyyətini Ermənistan qəbul edir, yoxsa yox? Çünki görürük ki, bu münaqişəni başladan, cinayətləri törədən siyasi simalar və qüvvələr hələ də Ermənistan siyasətində yer alırlar və az qala özlərini qəhrəman kimi aparırlar. Biz başa düşməliyik ki, hərbi işğal bir ölkənin digərinə müdaxiləsi ilə tamamlanmır. Çünki işğalın həm iqtisadi, həm də hüquqi müstəvisi mövcuddur. Ona görə ki, hüquqi qərarlarda işğalçılıq siyasəti ilə bağlı müddəalar yer alır. Bundan başqa, işğalın ideoloji müstəvisi də var. Baxın, görün, onların ideoloji əsasları nədən ibarətdir? Qaregin Njdenin faşist ideologiyasında deyilir ki, ermənilər hər daim türklərlə mübarizə aparmalıdır.
Bəs bunlar nə zaman aradan götürüləcək? Ona görə də bu prosesin baş verməsi üçün İrəvan siyasi məsuliyyəti öz boynuna götürməli və ardıcıl şəkildə işğal ideologiyası, eləcə də onun nəticəsində baş vermiş digər fəsadları aradan götürməyə hazır olmalıdır. Lakin belə hazırlıqları görmürük. Gah onlar revanşist bəyanatlar verirlər, gah silah alırlar və s.”
Sabiq XİN rəhbəri onu da əlavə edib ki, indiki mərhələdə Ermənistanla Azərbaycan arasında yeganə bir öhdəlik var ki, bu da atəşkəs öhdəliyidir:
“Qalan heç bir öhdəlik yoxdur, çünki hətta sərhəd belə müəyyən olunmayıb. Biz bundan sonra post-konflikt mərhələsində hansı prinsiplər əsasında danışıqlar aparacağımızı aydınlaşdırmalıyıq. Necə ki ATƏT-in Minsk qrupu 30 il ərzində prinsipləri müəyyən etməyə cəhdlər göstərsə də, bacarmadı. Qısa xatırlatma keçsək, Madrid prinsipləri, Lissabon qərarı və s. buraya daxildir. İndi də bu mərhələdəyik.
Bu sənəd hansısa öhdəlik sənədi də deyil. Sadəcə olaraq, bir növ bəyanatdır ki, tərəflər delimitasiya və demarkasiya, sərhədlərin müəyyən olunması və kommunikasiyaların bərpası prosesini davam etdirəcəklər. Ya da təzminat mövzusunu buraya daxil edə bilərik. Amma siyasi məsuliyyət olmasa, onlarla təzminat mövzusunu müzakirə edə bilməyəcəyik. Qısacası, bu bəndlərə yanaşmamız sadə baxışlarla tamamlanmamalıdır”.
Rafi Müslümov