“Azərbaycan əsgərinin çəkmələri həmin torpaqlara dəyəndə…” – Ermənistan gizli plana sövq edilir

“Ermənistanın NATO ilə əməkdaşlığı və onun cənub cinahı olması istəyi, əslində, Azərbaycan üçün ciddi problem təşkil etmir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

 

Siyasi ekspert ötən həftə “Caliber” nəşrinin Ermənistanın NATO-ya yaxınlaşması və ondan aldığı zəmanətlərlə bağlı əldə etdiyi informasiyaları, habelə rəsmi İrəvanın Qərbmeylli siyasətini şərh edib.

“Məsələ ondadır ki, Azərbaycan da NATO ilə əməkdaşlıq edir, hətta NATO üzvü olan Türkiyə Azərbaycanın strateji müttəfiqdir və Şuşa Bəyannaməsi də bunun sübutudur. Odur ki, Ermənistan-NATO münasibətləri Rusiyanı maraqlandırmalıdır”.

Onun sözlərinə görə, Rusiyanın bu məsələ ilə necə maraqlanması Ukraynada davam edən müharibədən görünür:

“Amma Azərbaycanın Ermənistanın NATO ilə bağlı istəklərinə səthi yanaşması mümkün deyil. Ermənistan qeyri-adekvat ölkədir və NATO-dan əldə etdiyi dividentləri Azərbaycana qarşı istifadə etməyəcəyinə heç bir qarantiya yoxdur. Ermənistanın Azərbaycanla qısa müddətli qələbə ilə nəticələnən planlar cızmasını hələ bir müddət öncə qeyd etmişdim”.

“Görünən odur ki, bu, real plandır. Ermənistan Azərbaycanın onun ərazilərini işğal etdiyini hesab edir. Ermənistanın silahlandırlması da ona hesablanıb ki, qısa müddətli güclü hücumla həmin əraziləri geri alsınlar. Sonra isə Qərb və Avropa Azərbaycanın əks həmləsinin qarşısını müxtəlif yollarla alsınlar və bunu Ermənistanın qələbəsi kimi reklam etsinlər. Sonra isə danışıqlara bərabərhüquqlu tərəf kimi Ermənistanı əli güclənmiş şəkildə oturtsunlar”, – o, söyləyib.

“Amma Azərbaycanın sakit dayanıb, onlara bu planı həyata keçirməyə imkan verəcəyini gözləmək ən azı axmaqlıqdır. Əgər Ermənistan Zəngəzuru və Basarkeçəri itirmək istəyirsə, belə bir ağılsızlıq edər. Azərbaycan əsgərinin çəkmələri həmin torpaqlara dəyəndə güvəndikləri bir NATO əsgəri tapa bilməyəcəklər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rəfi Müslümov

COP29