Azərbaycan əsirinə işgəncə faktı: Ermənistanın açıq şəkildə işlədiyi cinayətə beynəlxalq aləmin susqunluğu – ŞƏRH
“Pafosla, qisasçılıq hissi aşılamaqla bu məsələdə heç nəyə nail olmaq mümkün deyil, Azərbaycan diplomatiyası əsirin başına gətirilənlərə görə Ermənistana qarşı beynəlxalq aləmi ayağa qaldırmalıdır”.
Bu sözləriermənilərə əsir düşən şəhərimizə verilən işgəncə və beynəlxalq aləmin məsələ ilə bağlı səssizliyi haqqında danışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, beynəxlalq təşkilatlar ikili standart nümayiş etdirir:
“Cenevrə Konvensiyasına görə, əsirlərlə davranış qaydaları var. Əsirlər bir neçə cür olur. Müharibə gedən zaman, özü əks tərəfə keçən zaman, azıb qarşı tərəfə keçən zaman əsir düşmək halları olur. Ermənilər Cenevrə Konvensiyasının heç bir bəndinə əməl etməyiblər.
Zamanında erməni tərəfdən Azərbaycana hətta ailə keçmişdi, iki övlad, ata, ana. Onlar Azərbaycan vasitəsi ilə üçüncü dövlətə keçmək istəyirdilər. Onlar Bakı şəhərində, Hərbi Polisin ofisində saxlanılıblar. Onlara hər bir şərait yaradılmışdı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəlib onlarla söhbət apardı, əmin oldular ki, ailə üçüncü ölkəyə keçmək istəyir. Daha sonra BMT-nin Qaçqınlarla iş üzrə Bakı ofisinə müraciət olundu. Oradan nümayəndə gəlib söhbət apardı. Onların uşaqları üçün də şərait yaratmışdıq, hətta təhsilləri ilə bağlı. Başqa əsirlər də olub, biz onların hamısına normaya uyğun yeməklər vermişik. Erməni tərəfi isə bizim əsirə açıq şəkildə işgəncə verir. Hələ videoda yayılan budursa, görün arxa fonda o əsgərə nələr ediblər. Beynəlxalq aləm erməni tərəfinin bu addımına hüquqi qiymət verməlidir. Azərbaycan Xarici işlər Nazirliyi tərəfindən bəyanat verilməlidir. Avropa İttifaqı, BMT öncə Ermənistana qarşı bəyanatla çıxış etməlidir. Əgər bu cür hal bir daha təkrar olunarsa, Ermənistana qarşı tədbir görülməlidir.
Müharibə dövründə Azərbaycan əsgərləri erməni əsirlərinə işgəncə vermişdi. Beynəlxalq təşkilatlar ayağa qalxmışdı. Onların hamısına cinayət işi açdılar və həmin şəxslər məhkum olundu. Bizdə olanda məsələyə belə münasibət sərgiləyirlərsə, niyə görə Ermənistanda olanda adekvat addım atmırlar? Məsələ ilə bağlı nə BMT-nin, nə Avropa İttifaqının aidiyyəti komissiyaları reaksiya verməyib.
Bəzi ekspertlər çıxışlarında bildirirlər ki, qisas alınmalıdır. Bu cür məsələlər pafosla həll olunmur. Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti məsələni Avropa Parlamentində gündəmə gətirməlidir. Azərbaycan tərəfi çalışmalıdır ki, beynəlxalq aləm Ermənistanın əsirlərə qarşı davranışına görə qiymət versin”.
Səxavət Məmməd