“Erməni lobbisi o qədər güclüdür ki, Azərbaycanın Fransadakı fəaliyyətlərini neytrallaşdıra bilib”.
Bunu Fransa Senatının məlum qərarına münasibət bildirən Milli Cəbhə Partiyasının sədri, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Razi Nurullayev Yenicag.az-a açıqlamasında səsləndirib.
Razi Nurullayev bildirib ki, Azərbaycan Fransaya təzyiq göstərmək üçün bir neçə dövləti də bu işə cəlb etməyə çalışmalıdır:
“Azərbaycan, ilk növbədə, kağız üzərində qalsa da, Fransanın Minsk qrupundan kənarlaşdırılması üçün hüquqi prosedur başlatmalıdır. Fransanın 50-yə yaxın koloniyası olub və onların hər birində dağıntılar, soyqırımı törədib. Bununla bağlı Azərbaycanda dinləmələrin keçirilməsi, parlamentdə müzakirələrin aparılması təzyiq vasitəsi kimi irəli atılması məqbuldur. Onun qəbulu zaman aparar. Bu məsələlərin başlanılması və davam etməsi vacibdir. Azərbaycan Fransaya təzyiq göstərmək üçün bir neçə dövləti də bu işə cəlb etməyə çalışmalıdır. Türk Dövlətləri Təşkilatının bununla bağlı bəyanat verməsi də müəyyən mənada təzyiq kimi qiymətləndirilə bilər. Bu cür problem sabah Qazaxıstanın, Özbəkistanın, Türkiyənin və digərlərinin də başına gələ bilər.
Fransa Azərbaycanı kiçik dövlət kimi görə bilər, sanksiyamızdan qorxmaya bilər. Ancaq Türkiyə, Pakistan və Azərbaycanın yanında olan ölkələr bizə dəstək versə, bu, yaxşı nəticə verə bilər.
Fransa Senatında cəmi bir nəfər qətnamənin əleyhinə səs verib. Məsələ ondadır ki, Azərbaycan uzun illərdir Fransada işləyir. Azərbaycan Fransa ilə əlaqələrin yaxşılaşdırılması üçün əlindən gələni edib. Əslində, onlar bunu yüksək səviyyədə qiymətləndirməli idi. Ancaq bütün bunlara baxmayaraq, erməni lobbisi o qədər güclüdür ki, bütün bu fəaliyyətləri neytrallaşdıra bilib. Dünənki qərardan sonra belə anladım ki, Türkiyə kimi bir dövlətin də Fransa Senatında lobbisi yoxdur. Fransa ilə münasibətləri yaxşılaşdırmaq üçün görülən işlərin hamısını masaya yatırıb, müzakirə aparıb baxmalıyıq ki, boşluqlar haradadır. Çünki məlum oldu ki, bu günə qədər görülən işlərin faydası olmayıb”.
Səxavət Məmməd