AFFA İntizam Komitəsinin qərarına əsasən, danışılmış oyun səbəbi ilə “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovun ömürlük futboldan uzaqlaşdırılması birmənalı qarşılanmır.
Qərar qəbul olunsa da, hələ ki, faktlar ictimaiyyətə təqdim olunmayıb. Belə olan halda isə bunun xüsusi plan olması ilə bağlı şübhələr artır.
İlkin araşdırmaya görə, futbolçular danışılmış oyunda iştirak etməyiblər, sadəcə, “Neftçi” ilə matçda bilərəkdən öz potensiallarından zəif çıxış ediblər. Heç “Neftçi” tərəfindən də buna görə sifariş gəlməyib.
Maraqlıdır, bilərəkdən zəif oynamağa görə, iki futbolçunun ömürlük futboldan uzaqlaşdırılması nə dərəcədə ədalətli qərardır?
Onlar danışılmış oyuna görə, futboldan uzaqlaşdırılıbsa, matçın nəticəsi ləğv olunmalıdırmı? Və yaxud da kim şübhələndi ki, onlar zəif oynadı? Hər zəif oynayandan şübhələnmək nə dərəcədə doğrudur? Təbii ki, ortada fakt olmasaydı, etiraf da olmazdı. Amma həmin faktlar nədən ibarət olub?
Sözsüz ki, suallar çoxdur. Bu səbəbdən də Yenicag.az olaraq, suallara cavab tapmaq məqsədi ilə idman mətbuatının nümayəndələrinə üz tutduq:
Elçin Cəlilov, “Futbolpress.az” saytının baş redaktoru:
“Prosesə bir çox rakursdan yanaşıb, təhlil etmişik, hətta əvvəldən necə olacağını belə xəbər vermişik. Çünki biz hər şeyin “Keşlə”nin de-fakto rəhbəri, de-jure isə Müşahidə Şurasının sədri olan Zaur Axundovun necə biri olduğunu bilirik. Fikrimcə, hadisələrin düyün nöqtəsi onun üzərindədir. Bu şəxs anlamalıdır ki, Futzal Federasiyasında elədikləri medianın, ictimaiyyətin diqqətindən kənardır, orda istədiyi hoqqaları çıxarır, ancaq futbol ölkədə ən diqqətdə olan sahədir. Demək olar ki, idman mediasının 90 faizdən çoxu əsasən futbola diqqət yetirir.
Bu şəxs “İnter”ə gələndən klub itirə-itirə gedir. Bazanı əlindən almışdılar. O, öz imkanları ilə nəsə edə bilmədi, yekunda AFFA rəhbərliyi qarışıb, məsələni yoluna qoydular. Daha sonra Rövnəq Abdullayevə xoş gəlsin deyə, klubun adının “Keşlə”yə dəyişdirilməsinə göstəriş verdi. Klub adı hüquqi prosedurlara görə dəyişdirilməliydi. Ancaq niyə məhz “Keşlə”? Çünki bu adı keçən il bir dəfə Rövnəq Abdullayev səsləndirmişdi.
Yəni belə bir zehniyyətə sahib birinin əgər xeyri, faydası da yoxdursa, klub rəhbərliyində qalması niyə vacib olsun ki? Əksinə, hər dəfə islahat adıyla atdığı addımlarda aləmi bulaşdırdı. Əvvəlcə, “razdevalka”ya girib, oyunçulara təzyiq eləməyə başladığı haqda xəbərlər dolaşdı. Klub rəhbəri niyə elə etməlidir? Özünü nə sanır?
Bəzi futbolçular bunu özünə sığışdırmırdı. Rauf Əliyev bu və başqa detallardan bezib, klubdan qaçdı. Daha sonra klubun yetirməsi və əsas fiquru olan Nizami açıq bildirdi ki, “Neftçi”yə gedəcək. Ondan sonra bir neçə oyunçu da belə açıqlamalar verməyə başladı. Bilirsiz niyə? Zaur Axundov bu klubda ağalıq etmək istədikcə komanda ondan qaçmağa başladı. Sonra hikkəsiylə bacara bilməyən futboldakı bu təsadüfi adam başladı onun dediyinə əməl etməyənlərə zor tətbiq etməyə.
Sizi əmin edirəm ki, Mirhüseynlə Nizaminin cəzalanması sırf onun AFFA rəhbərliyinə şikayəti və tələbi ilə baş tutub. Çünki bütün proses necə getdi – bilirik. Qayda-qanunlar, normalar aşkar pozuldu. İndi də hansı qurumdan futbolçunun nəyə görə ömürlük uzaqlaşdırıldığını soruşuruqsa, arqument səsləndirə bilmirlər. Buna onların ixtiyarı yoxdur. Sirr ola bilməz. Çünki qərar açıqlanıb. Proses gedir ki, sirr də saxlasınlar? İctimaiyyəti aldatdılar. Qaydaları pozdular. Sırf bir şəxsin istəyinə görə davrandılar.
AFFA rəhbəri anlamalıdır ki, Avropadakı imicimizi yüksəltməkçün sərf edilən milyonlar belə axmaq hadisələrin ucbatından havaya sovrulur. “Qarabağ”ın əziyyətlə, misqal-misqal qazandığı, “Qəbələ”, “Neftçi” kimi klublarımızın qrup mərhələsinə yüksəlməsi nəticəsində imici yaxşılaşan Azərbaycan futbolu bu olayla biabır ola bilər. Biz xarici mediada informasiyanın yayılmaması üçün əlimizdən gələni edirik. Nüfuzlu redaksiyaları inandırmağa çalışırıq ki, bu olanlar hələ yekun deyil və s. Ancaq belə davam etsə, biabırçılıq olar. Fikrimcə, AFFA rəhbərliyi səviyyəsində məsələyə müdaxilə edilməli, ciddi araşdırmalar başladılmalıdır. Kimsə cəzalandırılanda da səbəbi, arqumenti açıqlanmalıdır”.
Ceyhun Əliyev, “Sport24.az” saytının baş redaktoru:
“Gündəmi zəbt edən mövzuyla bağlı hər kəs ancaq subyektiv fikrini ortaya qoyur. Çalışacam, məntiqə söykənən fikirlərimi bölüşüm. İndiyədək oyun alqı-satqısıyla bağlı bir çox ölkələrdə araşdırmalar aparılıb, günahkarlar cəzalandırılıblar. Bu hadisələri daim diqqət mərkəzində saxlamışam. Maraqlı bir faktı deyim: indiyədək hansısa futbolçu oyun manipulyasiyasını etiraf etdikdən sonra ona sübutların təqdim olunması barədə mətbuatda heç bir informasiya getməyib. Yəni bu gün kimisə sübutları ortaya qoymamaqda günahlandırmaq, səhv fikirdir. Çünki dünyada belə bir təcrübəyə rast gəlinməyib.
Ancaq gəlin məsələnin başqa tərəfini araşdıraq. Mirhüseyn Seyidov verdiyi müsahibədə bildirib ki, “Neftçi”yə qarşı bilərəkdən zəif oynayıb. Aydın məsələdir ki, sübutlar olmasaydı, futbolçu belə bir acınacaqlı cümlə işlətməzdi. Bu da aydındır ki, məsələ heç də “Neftçi”ylə bağlı deyil. Biz bununla əlaqədar geniş araşdırma yazısı dərc etmişdik. Məsələ böyük ehtimalla Gürcüstan bukmeker kontorlarına gedib çıxır. Ancaq futboldan uzaqlaşdırılan bu cütlüyün “içəri” düşməməsi üçün ortaq məxrəcə gəlindiyini düşünürəm. Fikirlərimin bu hissəsi artıq mülahizədir.
Lakin bütün hallarda, ortada fakt var: UEFA-dan AFFA-ya məktub daxil olub. Məktubda araşdırmalara start verən nə ola bilər ki? UEFA məgər Azrbaycan çempionatını izləyir? Təbii ki, yox. Ancaq Avropanın ali futbol qurumunun bütün bukmeker kontorları ilə birgə mərkəzləşmiş sistemi fəaliyyət göstərir. Əmsallar kəskin şəkildə dəyişdikdə, bu, UEFA-dakı kompüterlərdə dərhal öz əksini tapır və müvafiq ölkənin Assosiasiyasına araşdırma aparmaq üçün məktub göndərilir. Başqa sözlə, kələfin ucunu bukmeker kontorlarında axtarmaq lazımdır, “iki futbolçunu ləkələdilər” yanaşması ilə yox. Çünki adıçəkilən oyunçular təmiz olsaydılar, çoxdan dünyanı dağıtmışdılar”.
Rəşad Ergün, “Komanda.az” saytının baş redaktoru:
“Bu məsələ əvvəldən-axıra kimi qarışıqdır. Əvvəlcə futbolçuların həbsi xəbəri yayıldı, sonra məlum oldu ki, Nizamiylə Mirhüseyn həbs olunmayıb. O ki qaldı ortada fakt olmamasına, Seyidovun açıqlamasını oxudum. Bilirsiz, çörəyini yediyiniz, formasını daşıdığınız klubu pula satmaqla, qarşı tərəfə sevgiyə görə satmaq arasında ciddi fərq görmürəm. Satqınlığın başqa adı olurmu? Hələ biz konkret bilmirik ki, AFFA-nın əlində bu futbolçuların oyunu qumara qoyması barədə fakt var, ya yox. Ola bilsin ki, faktı açıqlamağa ehtiyac görmürlər. Ömürlük cəza bəlkə də ağırdır. Bir il, iki il futboldan uzaqlaşdırmaq da olardı. O illərdə Seyidovla Hacıyev də səhvini anlayardı, başqaları da bundan dərs çıxarardı. Hər halda, futbolçuların AFFA Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti vermək haqqı var. Amma bir daha deyirəm, mənə görə satqınlığın rəngi də, havası da eynidi. Düzdür, Azərbaycan futbolunda böyük pulların oynadığı dövrdə oyun alveri edənlərin heç biri cəzalanmadı və ya bu cür ağır cəza almadı. Onların çoxu indi də futbol klublarında, PFL-də, AFFA-da çalışır, mənə, sizə, başqalarına düzlükdən, vicdandan danışır. Hacıyevlə Seyidovun bəxti onlarınkı kimi gətirmədi. Amma bəlkə bu son olay başqalarına dərs olar”.
İbrahim Cəfərov, “Futbolxeber.az” saytının baş redaktoru:
“Aydın məsələdir ki, ortada fakt yoxdur. Hər hansı pul almaqdan, pula görə zəif oynamaqdan söhbət gedə bilməz. Azərbaycan futbolu ilə az-çox yaxından maraqlanan, hadisələrin gedişatını izləyən hər kəs başa düşür ki, bu, əvvəldən qurulan ssenaridir. Görünən odur ki, məqsəd “Neftçi”ni vurmaqdır. Bəs vurmaq istəyən kimdir? Əsas sual məhz budur. Təbii ki, ehtimallar var. Amma ən doğrusunu ssenarinin müəllifindən başqa heç kim bilməz. Həmin “ssenarist” isə hər iki, hətta 3 “cəbhə”ylə işləyə bilər. AFFA-nın qəbul etdiyi qərar da tez-tələsikdir. Xatırlayırsınıza, ötən il danışılmış oyunlara görə, araşdırma xeyli vaxt apardı. Amma indi bir günün içində qərar açıqlandı. Uzun sözün qısası, çox maraqlı “oyun” gedir və sonluğu indi proqnozlaşdırmaq çox çətindir”.
Ceyhun Rzayev, “Xəzər TV”-nin idman aparıcısı:
“Burda nəsə başqa oyunlar gedir. Bilmədiyimiz, açıqlanmayan nələrsə var. Bu oyunun ən kiçik fiqurları qurban verildi. Zəif oynamağa gəlincə, “Keşlə”nin daha bir neçə futbolçusu “Neftçi”yə qarşı zəif oynayıb. Ömürlük uzaqlaşdırma ən ağır cəzadır. Futbolçu üçün bu, edama bərabərdir.
Emin Səfərov