!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan gəncinin etibarlı dayağı – Günel Səfərova yazır

!Reklam – Yazi

gencler_fondu_logo_220515Azərbaycan dövlətinin prioritet inkişaf istiqamətlərindən birini gənclər siyasəti təşkil edir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın  20-dən artıq şəhər və rayonunda gənclər mərkəzlərinin inşası, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi Prezident İlham Əliyevin ölkə gənclərinə, onların potensialına nə dərəcədə önəm verdiyini göstərir. Bundan başqa, dövlət başçısının 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunun real təsdiqi sayılmalıdır. Strategiyanın məqsədi 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdan ibarətdir.

 

Yeni gənclik modeli

 

Bu gün Azərbaycanda həyata keçirilən islahatlar prosesi, ordu quruculuğu, vətənpərvərlik tərbiyəsi, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır. Hazırda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər sırasında

-bu sahənin intellektual səviyyəsinin artırılması,

-gənclərin və yeniyetmələrin elmə, təhsilə yiyələnmələrinə nail olunması,

-maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması,

-azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi,

-gənclərin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və digər taleyüklü məsələlər önəmli yer tutur.

Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi həyatında fəallığı göz önündədir. Ulu Öndər Heydər Əliyev hələ 1995-ci ildə gənclərin I Forumunda çıxışında demişdi: “Elə bir gənclik yetişdirməliyik ki, sabah estafeti bizdən qəbul etməyə hazır olsun. Vətənpərvər gənc nəsil yetişib. Vətənpərvər nəsil olmasa, uğurlardan danışmaq olmaz”.

Doğrudan da, gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Son illər ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsində gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılması sürətləndirilib, gənc nəslin ictimai-siyasi fəallığının artmasına kömək edib. Məsələn, respublikamızdakı qeyri-hökumət təşkilatlarının əksəriyyəti gənclərlə bağlıdır. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin tərkib hissəsi olaraq gənclərin yaratdığı QHT-lərin cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlər formalaşdırmasından ibarətdir.

Prezident İlham Əliyev müasir Azərbaycan gəncləri haqqında bunları deyir: “Müasirlik və kreativlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyasının bütövlükdə simasını dəyişdirə bilər. İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlər məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaq”.

Bəli, bugünkü Azərbaycan gənci qarşısında yeni dövrün tələbləri, dəyişən dünya qaydaları, multikulturalizm və şovinizmin antoqonizmi fonunda daha ciddi, tamamilə fərqli vəzifələr durur. Müstəqilliyimizin bərpasının 25-ci ilində bu vəzifələrin icrası, çağdaş dünyanın istinad etdiyi davranış prinsiplərinə çevik adaptasiya xüsusilə aktuallıq kəsb edir. Dünyada mövcud olan ikili standartlar, geostrateji maraqların önə keçməsi, Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalı altında olması gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə bağlılıq və Vətənə sədaqət ruhunda böyüməsini qaçılmaz edir. Ona görə də Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların məşğulluğunun təmin edilməsi, dövlət idarəçilik sistemində iştirakı istiqamətində kompleks tədbirlər həyata keçirməyi əsas hədəflər kimi qarşıya qoyur.

Dövlət başçısı KİV rəhbərləri ilə görüşlərinin birində belə bir məsələyə də toxunmuşdu: “Qloballaşma dövründə dünyada bir universallaşma və eyniləşmə prosesi müşahidə olunur. Xalqların milli dəyərləri müəyyən qədər silinir, ümummilli ənənələr müəyyən qədər itir və onun yerində Qərb dəyərlərinə söykənən dəyərlər sistemi formalaşır. Azərbaycan xalqı olaraq bəyan edirik ki, Azərbaycan xalqı milli dəyərlərinə sadiq olmalı və onları qoruyaraq yaşatmalıdır. Eyni zamanda, dünya ölkələrində mövcud dəyərlərə də yiyələnməlidir. Xarici dilləri və texnologiyaları bilməlidir. Azərbaycan gəncliyi dünyada ən yaxşı azərbaycaycançılığın nümunəsini ortaya qoya bilər”.

 

Müasir gəncin missiyası

 

Müşahidələr onu göstərir ki, müasir Azərbaycan gənci Avropa və dünya gənclərinə nümunə olacaq səviyyəyə gəlib çıxıb. Bu gün Azərbaycan gəncliyi təkcə ölkə daxilində deyil, xaricdə də Azərbaycanın təbliğatını aparır, dövlətə, millətə bağlılıq nümayiş etdirir və harada yaşamasından, təhsil almasından asılı olmayaraq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında aktiv iştirak edir.

Gənclər siyasətinin təməlində duran prinsiplər gənc nəslə uğurla aşılanır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan gəncinin dünyada gedən proseslərə çevik uyğunlaşmasının strateji önəminə diqqət çəkir: “Əgər gənclərimiz dövlətinə, xalqının mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxa, onları qoruya, inkişaf etdirib gələcək nəsillərə çatdıra bilirsə, bu xalqın gələcəyi var. Bu hədəflərə çatmaq üçün gənclər təhsilli, fiziki cəhətdən sağlam, informasiyalı, innovativ, kreativ olmalıdırlar. Təkcə istək azdır, gənclik istədiyini həyata keçirməyi bacarmalıdır”. Müasir gənc nəsildə bu istəklər var və onu reallaşdırmaq üçün dövlət bütün imkanlardan istifadə edərək gənclərə lazımi şəraiti yaradır. Statistikaya görə, Azərbaycan əhalisinin təxminən 65 faizini gənclər təşkil edir. Bu faktoru nəzərə alan dövlət siyasi, iqtisadi, mənəvi və digər resursları gənclərin inkişafına yönəltmək, gənclər siyasətini məqsədyönlü şəkildə formalaşdırıb həyata keçirməklə gələcək üçün etibarlı bünövrə yaradır. Birmənalı olaraq qeyd edilməlidir ki, dövlətin və xalqın öz gələcəyinə əminliyi məhz gəncliyə bağlıdır. Azərbaycanda 20 ildən artıq müddətdə uğurla icra olunan gənclər siyasəti isə bu prosesin ümummilli maraqlara uyğun davam etdiriləcəyinə şübhə yeri qoymur. Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, bu siyasət nəticəsində gənclərin hərtərəfli inkişafını və onların cəmiyyətdə fəal iştirakını təmin edən ictimai-siyasi, sosial-iqtisadi və hüquqi əsasların yaradılmasına yönəlmiş tədbirlər həyata keçirilir. Gənclər siyasətinin əsas hədəfi müstəqil dövlətimizin yeni nəslinin hərtərəfli və intellektual inkişafının, dünyagörüşünün artırılması, fiziki sağlamlığı və sosial rifahının yaxşılaşdırılmasına və beynəlxalq münasibətlər sistemində və ölkədə gedən ictimai proseslərdə fəal iştirakına şərait yaratmaqdır.

Müasir gənclər fəaldır, novatordur, bacarıqlıdır, siyasidən tutmuş bütün sferalarda öz sözünü deyir və ictimai proseslərdə yaxından iştirak edir. Gənclərin elmi, intellektual potensialını üzə çıxarmaq, onları yeni kəşflərə, uğurlara, qələbələrə istiqamətləndirmək üçün müvafiq addımlar atılır. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edir ki, “hər bir ölkənin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Gənclər zamanın istənilən kəsimində əsas yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi ilə dövlətçiliyin gələcəyini qorumaq mümkün olur”. Bu baxımdan gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Azərbaycanın gənclər siyasəti sahəsində qazandığı uğurlar, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sahəsində topladığı zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan verir. Bu gün gənclər təşkilatları Avropa gənclər məkanında ciddi fəallıq nümayiş etdirir və müxtəlif beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil edirlər.

 

Gənclər Fondu-Azərbaycan gəncinin etibarlı dayağı

 

Müasir azərbaycanlı gənclərin cəmiyyətdəki mövqelərinin güclənməsində, gənc nəslin potensialının üzə çıxarılması və onların ideyalarının maliyyələşdirilməsində

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun xüsusi xidmətləri var. Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə təsis olunan, 2012-ci il iyunun 8-də təqdimat mərasimi keçirilən Gənclər Fondu ölkəmizdə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edir. Beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri təsdiqləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək qurumun əsas hədəflərindəndir. Ümumilikdə, qurumun məqsəd və vəzifələrini bu şəkildə təsnifatlaşdırmaq olar:

-Dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin dəstəklənməsi;

-Gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların işlənib hazırlanması;

-Yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrinin dəstəklənməsi;

-Gənclər təşkilatlarının inkişafı yolu ilə vətəndaş cəmiyyəti və ictimai təşəbbüskarlığın dəstəklənməsi.

Fondun unikal xüsusiyyətlərindən biri də gənclərin fərdi layihələrinə lazımi dəstək verilməsi sayılır. Bu yanaşma gənclərə xüsusi ideya və bacarıqlarını nümayiş etdirmək üçün əlverişli imkan yaradır. Bu günə qədər artıq yüzlərlə gənc ideya və təkliflərini reallaşdırmaq üçün Fondun dəstəyini qazanıb. Statistikaya görə, fəaliyyətə başladığı gündən indiyədək Gənclər Fonduna 7098 layihə daxil olub, onlardan 3341-i dəstəklənib. Daxil olan müraciətlərdən görünür ki, gəncləri daha çox maraqlandıran sahələr təhsilə, sağlam həyat tərzinin təbliğinə, ekoloji maarifləndirmə, könüllülüyün yayılması, təşviqi və təbliği, ictimai işlərdə gənclərin fəallığının təmini istiqamətində olan layihələrdir.

Ötən dövr ərzində Gənclər Fondu yerli və regional layihələrlə yanaşı, beynəlxalq layihələrə də maliyyə dəstəyi verib. Məsələn, İstanbulda keçirilmiş “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu”, Vyanada keçirilmiş “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda forumlara, Bakıda keçirilmiş “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq foruma, Latviyada keçirilmiş “Azərbaycan bayrağı” adlı beynəlxalq intellektual festivala və sair tədbirlərin reallaşmasında Gənclər Fondunun ölçüyəgəlməz xidmətləri var. Gənclər Fondu Avropanın bir sıra gənclər təşkilatları, Avropa Gənclər Fondu, Avropa İttifaqının “Gənclər Fəaliyyətdə” Proqramı ilə əməkdaşlıq edir, müxtəlif layihələrin icrasında, konfranslarda, seminarlarda, forumlarda onlarla birlikdə fəaliyyət göstərir.

 

Gənclərə dəstəyin beynəlxalq modeli

 

Gənclər Fondu ideyası Azərbaycanda tətbiq olunan yeni bir modeldir. İlk dəfə Gənclər Fondu 1999-cu ildə İngiltərədə gənclərin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə yaradılıb. Bu gün Gənclər Fondu dünyada yeni bir model kimi artıq İngiltərə ilə yanaşı dünyanın bir çox ölkələrində: Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Hindistan, Kanada, Balkan yarımadası ölkələrində həyata keçirilən yeni gənclik konsepsiyası kimi qiymətləndirilir.

Gənclər Fondunun əsasnaməsində

-gənclərlə iş sahəsində ən müxtəlif sahələrdə strateji layihələri icra etmək,

-gənclər təşkilatlarının bu sahədə təşəbbüslərinə dəstək vermək və

-gənc təşkilatların fəaliyyətinin stimullaşdırılması

kimi maraqlı məqamlar da öz əksini tapır. Eyni zamanda,

-gənclərlə iş sahəsində maddi-texniki bazanın gücləndirilməsi,

-dövlət qurumlarında və qeyri-hökumət təşkilatlarında çalışan gənc kadrların hazırlanması qurumun yerinə yetirdiyi əsas vəzifələrdəndir. Əsasnamədə həmçinin, toplanan vəsaitlərdən elm sahəsində çalışan yaradıcı, istedadlı gənclərin stimullaşdırılması üçün müxtəlif mükafat, təqaüdlərin təsis olunması nəzərdə tutulur.

Beləliklə, Gənclər Fondu Azərbaycan dövlətinin öz gələcəyinə, istedadlı və vətənpərvər gənc nəslə verdiyi önəmin real nümunəsidir. Prezident İlham Əliyev də öz açıqlamalarında bildirir ki, Azərbaycan gəncliyinə istiqamətlənmiş siyasət, gəncliyin inkişafına qoyulmuş kapital Azərbaycanın gələcəyinə qoyulmuş kapitaldır, gələcəyin etibarlı təminatıdır. Ona görə də bu istiqamətdə siyasət davam etdirilir.

Fondun yaradılması ilə müxtəlif layihələr vasitəsilə gənclərin peşəkar idarəetmə,

liderlik bacarıqlarının və biliklərinin artırılması, onların fəal vətəndaşlar kimi cəmiyyət həyatında iştiraka cəlb edilməsi və gənclərin sosial problemlərinin həllinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi üçün də imkanlar genişlənirilir. Eyni zamanda, qurum gənclərin cəmiyyətdə özünü müəyyənləşdirmə, iqtisadi cəhətdən fəallıq və sərbəstlik və aid olduqları birliklərin sosial və iqtisadi inkişafında fəal iştirakının təmin edilməsi üçün müvafiq bilik, bacarıq və münasibətlər aşılanması istiqamətində mühüm rol oynayır.

Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkə başçısının birbaşa təşəbbüsü ilə yaradılan təşkilatın gənclər siyasətində mühüm vəsilə olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu modeldir və bu gün həmin model öz bəhrəsini verir. İnkişaf etmiş ölkələrdə gənclər siyasəti pərakəndə formada həyata keçirilir. Daha çox qeyri-hökumət təşkilatları vasitəsilə və müxtəlif beynəlxalq proqramlar çərçivəsində gənclər sahəsində fəaliyyət göstərilir: “Mən bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Respublikamizda aparılan gənclər siyasəti modeli bəlkə də dünyanın heç bir yerində yoxdur. Ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı var. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan maksimum faydalansın. Yetər ki, gənclər savadlı, bilikli və inkişaf etməyə istəkli olsunlar”.

 

Gənclik və könüllülük

 

Onu da vurğulayaq ki, Gənclər Fondu təkcə beynəlxalq əhəmiyyətli layihələri dəstəkləmir, gənclərdə könüllülük vərdişlərinin təşəkkül tapmasında da əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mütəmadi olaraq öz çıxışlarında gənc və vətənpərvər nəslin dünya masştabında böyük nailiyyətlərə imza atmağa qadir olduqlarını etiraf edirlər. Xüsusən, Bakıda keçirilən idman və digər xarakterli beynəlxalq tədbirlərdə, “Avroviziya” mahnı müsabiqəsi, İlk Avropa Oyunları, “Formula-1” idman yarışması və neçə-neçə bu tip kampaniyalarda Gənclər Fondunun əməkdaşlıq etdiyi gənclər təşkilatlarının təmsilçiləri yaxından iştirak edərək könüllülük prinsipi əsasında hər zaman dövlətə və xalqa xidmət göstərməyə hazır olduqlarını ortaya qoydular. Azərbaycan brendi sayılan ASAN xidmət mərkəzlərində gənc könüllülərin fəaliyyətinə ictimaiyyət tərəfindən böyük rəğbət var. Azərbaycan gənclərinin vətənpərvər duyğularının inkişafında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi “Xocalıya ədalət” kampaniyasının yeri danılmazdır. Bu isə o deməkdir ki, Gənclər Fondu gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yaxından kömək edir.

Bəli, bu gün əminliklə demək olar ki, Azərbaycan dövlətinin öz gənci ilə öyünməsi üçün kifayət qədər əsas var. Bu nəsil xalqımızın gələcəyinin müəyyən edilməsində, Azərbaycanın beynəlxalq təşkilatlarda daha uğurla təmsil olunmasında öz sözünü deyəcək. Ölkədə həyata keçirilən gənclər siyasətinin təməlində də məhz o prinsip dayanır ki, gənclər xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətimizin gələcəyinə sahib çıxmalı, onu qorumağı bacarmalıdır. Gənclər bunu bacarırsa, deməli, Azərbaycan dövlətinin, azərbaycançılıq ideologiyasının da gələcəyi var. Dövlətçiliyimizin və suverenliyimizin qorunması missiyasının yerinə yetirilməsində yolun uğurlu olsun, Azərbaycan gənci!

GÜNEL SƏFƏROVA,

“GƏNC VƏTƏNDAŞ” MAARİFLƏNDİRMƏ İCTİMAİ BİRLİYİNİN İCRAÇI DİREKTORU

www.yenicag.az

732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv