Azərbaycan Gənclər Parlamenti layihəsinə müraciət qəbulu başladı – FOTO

Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “Azərbaycan Gənclər Parlamenti” layihəsinə start verilir. 

28 oktyabr tarixində keçirilən təqdimat mərasimində Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev Ulu öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilmiş Azərbaycan gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi müəyyən edildikdən sonra sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Fəaliyyətə başlaması nəzərdə tutulan Azərbaycan Gənclər Parlamenti ölkəmizdə gənclərin social-iqtisadi vəziyyətinin monitorinqi, gənclər arasında hüquq mədəniyyətinin yüksəldilməsi, gənclərin cəmiyyətin ictimai və siyasi həyatında fəal rol oynaması, həmçinin gənclərin Milli Məclisdə müvafiq qanun layihələrinin ictimai müzakirələrində iştirak etməsi baxımından olduqca mütərəqqi təsisat olacağını bildirib.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında layihənin gənclərin təmsilçilik imkanlarının genişləndirilməsi və fəal region gənclərinin potensialının səfərbər olunması istiqamətində mahiyyətini vurğulayıb.

Tədbirdə millət vəkilləri və konfederativ gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Azərbaycan Gənclər Parlamenti layihəsinin yaradılmasının əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq, qanun layihələrinin ictimai müzakirələrini təmin etmək və gənclərin müasir çağırışlarla bağlı məsələlərini həm millət vəkilləri, həm də icra hakimiyyəti orqanları qarşısında qaldırmaqdır.

Layihəyə qoşulmaq istəyən 18-25 yaş aralığında Azərbaycan Respublikasının vətəndaşı olan gənc namizədlər www.genclerparlamenti.az portalı vasitəsi ilə elektron qaydada 19 noyabr 2021-ci il tarixinədək müraciətlərini göndərə bilərlər.

Azərbaycan Gənclər Parlamenti ölkənin 13 iqtisadi rayonundan hər birindən 2 gənc olmaqla 28, Bakı şəhərindən isə 4 gənc olmaqla ümumi 30 nəfərdən ibarət olacaq. Azərbaycan Gənclər Parlamentinin üzvlərinə aylıq nümayəndəçilik xərclərinin ödənməsi nəzərdə tutulur. Üzvlərin səlahiyyət müddəti 2 ildir.

Seçimlər başa çatdıqdan sonra Azərbaycan Gənclər Parlamentinin hər 2 aydan bir Bakı şəhərində plenar iclasları keçiriləcəkdir. Plenar iclaslar olmayan müddətə hər 2 həftədən bir onlayn sessiyalar təşkil olunacaqdır. Üzvlər iclaslar zamanı müvafiq qanun layihələrinin ictimai müzakirəsini təşkil edəcək, təkliflər formalaşdıracaq və yeni təşəbbüslərlə çıxış etmək üçün müzakirələr aparacaq.

Eyni zamanda, üzvlər davamlı olaraq təmsil etdikləri iqtisadi rayonların gəncləri ilə görüşlər təşkil edəcək, müvafiq təbliğat-təşviqat işlərini aparacaq, yerlərdə gənclərin problemlərini öyrənəcək və həmin məlumatları aidiyyəti üzrə yönləndirəcəklər.