“Təhsil müəssisələrinin əmək bazarının tələbatı əsasında kadr yetişdirmələri daha məqbuldur”.
Bu fikirləri gənclər arasında kütləvi xarakter alan işsizlik probleminin həll yolları haqda danışan sosioloq Üzeyir Şəfiyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, işsizlik problemini yaradan əsas səbəblərdən biri təhsil müəssisələrinin əmək bazarının tələbinə uyğun qaydada kadr yetişdirməməsidir:
“Elə fəaliyyət sahələri var ki, onlarda mütəxəssis qıtlığı daim hiss olunsa da, bəzi sferalarda kadr bolluğu səbəbindən iş tapmaq imkansızlaşır. Buna görə də əmək bazarı ilə təhsil sistemi arasında tələb-təklif uyğunluğunun yaradılması vacibdir.
Təhsil müəssisələrinin əmək bazarının tələbatı əsasında kadr yetişdirmələri daha məqbuldur. Gənclər arasında işsizliyin statistikasını artıran digər bir amil isə insanların regionlardan paytaxta kütləvi axınıdır. Onların arasında çoxluq təşkil edən gənclər bölgələrdə iş tapa bilmədiyindən, Bakıya üz tuturlar.
Bu problemin aradan qaldırılması üçün regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq, müvafiq iş sahələri açılmalı və bölgələrdə məşğulluq sahələri müəyyənləşdirilməlidir. Düşünürəm ki, bu tədbirllər həyata keçirilsə, paytaxtın əmək bazarında belə sıxlıq yaranmaz və işsizlik səviyyəsi nisbətən azalar”.
Nuray Məmmədzadə