Azərbaycan Gimnastika Federasiyası reytinqdə 3-cü dəfə fərqləndi

Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Fərqlənən” federasiyaların reytinq siyahısına daxil olub.

Yeniçağ.Az-ın məlumatına görə, AGF ardıcıl 3-cü il (2014, 2015, 2016) dünyanın 10 ən güclü federasiyaları sırasında yer alıb.  FIG İcraiyyə Komitəsi il ərzindəki fəaliyyətinə – dünya çempionatları və kuboklarının təşkili, həmin yarışlarda ölkənin qazandığı nəticələr, FIG rəhbər orqanlarının iclaslarının keçirilməsi, hakimlik və məşqçilik kurslarının təşkili, o cümlədən sözügedən tədbirlərdə iştirakına görə seçilən federasiyaları xallar əsasında müəyyənləşdirir.

Qeyd edək ki, AGF stabil olaraq, aktiv və peşəkar fəaliyyəti ilə seçilir. Milli federasiyanın fəaliyyətinin yüksək qiymətləndirilməsi onun beynəlxalq arenadakı nüfuzunu bir daha təsdiqləyir.

Yeniçağ.Az