Azərbaycan-Gürcüstan tərəfdaşlığı yeni səviyyədə: “Bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün həlledici faktordur”
“Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib”.
Bunu Azərbaycanla Gürcüstan arasındakı münasibətlərdən danışan Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Yenicag.az-a açıqlamasında deyib.
Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir:
“Gürcüstanla Azərbaycan arasında siyasi, iqtisadi, parlamentlər səviyyədə qarşılıqlı münasibətlər mövuddur. Əlaqələrimiz dinamik şəkildə davam edir. Strateji tərəfdaşlarımızdan ən mühümü Gürcüstandır. Siyasi əlaqələrimiz tək Qafqaz çərçivəsində deyil, qlobal arenada bütün qonşular üçün nümunədir. Əlaqələrin inkişafında iqtisadi amil xüsusi yer tutur. İki dost, qonşu ölkənin iqtisadi əlaqələrdə yüksək nəticələri var. Beynəlxalq səviyyəli makroiqtisadi göstəricisi olan layihələrin Gürcüstan vasitəsi ilə həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Gürcüstan Baş naziri İrakli Kobaxidzenin seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi də Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlığın bir təcəssümüdür”.
Gürcüstanın Baş nazirinin səfəri çərçivəsində keçirdiyi görüşlər və Azərbaycan Prezidenti ilə birgə mətbuata bəyanatında verdiyi mesajların Bakı və Tbilisinin bir-biriləri üçün üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini təsdiqlədiyini qeyd edən deputat bu gün iqtisadi, siyasi, mədəni sahələrdə iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədədə olduğunu və dinamik şəkildə inkişaf etdiyini vurğulayıb:
“Hər hansı kənar qüvvənin bunu istəməməsinə baxmayaraq, Azərbaycan və Gürcüstan dövlətlərarası münasibətləri bütün sınaqlardan çıxıb. Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Bu baxımdan, regional dövlətlərin bir sıra iqtisadi layihələr həyata keçirməsində Azərbaycan və Gürcüstanın rolu danlılmazdır. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Bu region daim müharibələrin astanasında balanslaşdırıla bilməz. Bunun üçün siyasi iradə və regionda yeni müharibələrin başlaması səylərinin qarşısını alan platformalar lazımdır. Bu gün biz açıq-aydın görürük ki, müəyyən qüvvələr regionda yeni münaqişə yaratmağa çalışırlar. Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlığının alternativi mövcud deyil. Bu formatın məqsədi regionumuzda sülh və sabitliyin bərqərar edilməsidir. Bu baxımdan, bölgədəki məsələlərin məhz bölgə ölkələri tərəfindən həll olunmasına maraqlıdırlar. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyil. Azərbaycan-Gürcüstan əlaqələri Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün həlledici faktordur. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək”.