Azərbaycan hərbçiləri bu gün Moskvadakı paradda iştirak edəcək

Bu gün Rusiyanın paytaxtı Moskvada Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi parad keçiriləcək.

Yenicag.az xəbər verir ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək. Azərbaycan Ordusunun qulluqçularından ibarət parad heyəti bir neçə gün əvvəl Moskva şəhərinə yola düşüb.

Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdiriblər.

Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub. /Report/