“Azərbaycan hökmdarları: Səfəvilər” kitabının təqdimetmə mərasimi oldu

2015-12-27-01-43-45sseff
Dünən “OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupu, “Azərbaycan hökmdarları: SƏFƏVİLƏR” adlı məlumat kitabını təqdim edib. Qrupun rəhbəri Vüqar Zifəroğlu ilk növbədə kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslərə və kitabın çapına maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını ifadə edib. Xarici ölkələrdə hökumdarlarla bağlı avtobioqrafik kitabların nəşr olunması təcrübəsinə toxunan V. Zifəroğlu Azərbaycanda hökmdar sülalələr haqqında məlumatların çox məhdud səviyyədə olduğunu deyib:

“Bu baxımdan biz də ilk olaraq Səfəvi hökumdarlarından başlamaqla belə bir layihəyə start verdik. Bizim məqsədimiz gənc nəsil arasında maarifləndirmə tədbirləri həyata keçirmək və hökmdarlarımızın sülaləsi barədə dünya ictimaiyyətini bilgiləndirməkdir”. “Oğuz” MAQ rəhbərinin sözlərinə görə, Azərbaycan Səfəvi xanədanına məxsus hökmdarlar barədə 2 dildə avtobioqrafik məlumatları və rəngli şəkilləri özündə ehtiva edən kitabın ən böyük spesifik xüsusiyyəti ondan ibarətdir ki, orada təkcə Səfəvi hökmdarları geniş təsvir edilmir, eyni zamanda onların şəkilləri təqdim edilir, eləcə də dövlətlərinə aid bayraqlar və sikkələrin, xəritələrin təsvirlərinə də geniş yer ayrılıb.

“Azərbaycan hökumdarları: Səfəvilər” kitabının “Oğuz” MAQ ailəsinin birgə layihəsi olduğunu vurğulayan Birliyin İdarə Heyətinin üzvü Ceyhun Bayramlının sözlərinə görə, kitabdakı materialların əldə olunmasında tarix elmlər doktoru Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər Dövləti” monoqrafiyasından, tarix elmləri doktoru Zabil Bayramlının əsərlərindən və Tofiq Nəcəflinin monoqrafiyasından istifadə olunub: «Kitabda olan materiallar Azərbaycanın 16-18-ci əsrlər tarixinə aid olan bir dövrü əhatə edir. Müsbət və mənfi tərəfləri ilə Səfəvi hökmdarlarının avtobioqrafiyasına işıq salaraq həqiqəti ortaya çıxarmağa çalışdıq. Bu da təbii haldır. Heç bir ölkədə ideal hökmdar parametrlərinə cavab verən tarixi şəxsiyyət tapmaq olmaz. Hər bir sülalənin dövründə hansısa yanlışlar ola bilər. İstənilən halda Səfəvilər bizim milli mənəvi sərvətimiz hesab olunmalıdır. Məhz bu dövrdə Azərbaycanın bütövlüyü ideyası öz əksini tapıb. Azərbaycan Səfəvilər dövlətini, dünya ictimaiyyətinin, elmi sferasının bir çox hissəsi İran dövləti kimi tanıyır və öyrənirlər. Bu da xarici ölkələrdə yaşayan və təhsil alan soydaşlarımızın ciddi narazılığına səbəb olur. Lakin tarixdən də məlumdur ki, bu dövlət sırf Azərbaycan xalqına məxsus olmuş, ölkəmizin ərazisində yaranmış, dövlətin idarə edilməsi buradan həyata keçirilmişdir. Səfəvilərə “iranlılıq” prizmasından yanaşan xarici dövlətlərin elm və təhsil, media sahələrinin atdığı bu yanlış addım bəzən qəsdən yox, sırf təbliğatın zəifliyindən, məlumat azlığından qaynaqlanır. Bütün bu neqativ ünsürlərin həllinə yardımçı vəsait olaraq Səfəvi hökmdarları barədə lakonik, lakin məzmun və mahiyyət etibari ilə maarifləndirici xarakter daşıyan bu əsər olduqca mühüm əhəmiyyət daşıyır”.
C. Bayramlı təklif edir ki, Sovet dövrü kitablarında Azərbaycanın 5 ayrı- ayrı dövlətlərə parçalanması tendensiyasına son qoyulsun. Onun sözlərinə görə, Əfşarlar, Səfəvilər, Qaraqoyunlular, Ağqoyunlular və Qacarlar sülaləsinin hər biri müxtəlif dövrlərdə eyni coğrafi ərazini idarə ediblər. Bu səbəbdən də AMEA Tarix institutu bu dövlətləri 5 sülalə tərəfindən idarə olunan Böyük Türkmən imperiyası adı ilə təbliğ olunmasına nail olmalıdır: ” Bu, “Oğuz MAQ” olaraq bizim Azərbaycan tarixinin 500 illik dönəminin eyni dövlətin 5 ayrı sülalələr tərəfindən əhatə olunması tarixini göstərmək istəyimizdən irəli gəlir. Biz sovetlərin bizə yeritdiyi stereotipləri qırmalıyıq. Bu sülalələrin bir – birinə düşmən olduğuna dair Sovet dövrü nəşrlərində öz əksini tapan məlumatlar həqiqəti əks etdirmir. Sadəcə olaraq, eyni dövlətin nümayəndəsi olan bu sülalələr bir – biri ilə siyasi mübarizə aparıblar”.

 

 

 

 

 

 

 

 

Araşdırmaçı alim Faiq Ələkbərov isə Səfəvilərin yanlışı və doğrusu , uğuru və uğursuzluğu ilə bizim qəhrəmanlıq salnaməmiz olduğunu deyib: ” Bu düşüncə bizi ancaq ucalda bilər. Biz öz tariximizə və tarixi şəxsiyyətlərimizə sahib çıxmalıyıq. Hesab edirəm ki, özümüzü özümüzə və dünyaya tanıtmaq baxımından “Azərbaycan hökmdarları: Səfəvilər” kitabının nəşri çox mühüm və təqdirə layiq bir layihədir. Bu cür məsuliyyətli bir işə imza atdıqları üçün “Oğuz” MAQ-ı təbrik edir və onlara öz minnətdarlığımı bildirirəm. Təəssüflər olsun ki, bir çoxları tarix kitablarımızı qərb, rus düşüncəsi ilə yazır. Halbuki biz öz tariximizi öz düşüncələrimizə dayanaraq yazmalıyıq”.

Gülşən Tanrıdaş isə müstəqilliyimizdən üzü bu yana Azərbaycan tarixinə və tarixi şəxsiyyətlərinə qarşı böyük bir qarayaxma kampaniyalarının başladıldığını qeyd edib: “Xüsusən də, Səfəvilər dövləti və Şah İsmayıl Xətai şəxsiyyətinə qarşı böyük bir qarayaxma , gözdənsalma kampaniyalarının şahidi olmuşuq. Bütün bunlar isə düşünülmüş bir siyasətin tərkib hissəsidir. Oğuz MAQ ailəsi isə Azərbaycan akademik tarixində ən qədim dövrdən bu günə qədər həqiqətləri özündə ehtiva edən araşdırmaların olmadığı bir şəraitdə belə bir kitab ərsəyə gətirib. Çıxdıqları bu yolda onlara uğurlar arzulayıram”./”Şərq” qəzeti