Azərbaycan hökuməti yoluxma sayının azaldılması üçün qabaqlayıcı tədbirləri davam etdirir

AMEA Yüksək Texnologiyalar Parkı fəaliyyətini karantin rejiminin tələblərinə uyğun davam etdirir.

Yenicag.az xəbər verir ki,  Azərbaycan hökuməti əhalinin sağlamlığının maksimum şəkildə qorunması, yoluxma sayının azaldılması üçün qabaqlayıcı tədbirləri davam etdirir, koronavirusla bağlı prosesləri nəzarətdə saxlayır.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artımın müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində 19 oktyabr tarixindən 2 noyabr tarixinədək bir sıra məhdudiyyətlərin tətbiq olunmasına göstəriş verilib.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılıb, əməkdaşların bir hissəsi məsafədən iş rejiminə keçirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından irəli gələrək AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 16 oktyabr 2020-ci il tarixində akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsinə dair Sərəncam imzalayıb. Sərəncama əsasən, AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq edilməsinə icazə verilir.

AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində aparılan dövlət siyasətini və həyata keçirilən tədbirləri dəstəkləyir, öz fəaliyyətini Operativ Qərargahın müvafiq qərarına və akademiya prezidentinin sərəncamına əsasən karantin rejiminin tələblərinə uyğun davam etdirir. YT Parkda, həmçinin işə cəlb edilmiş əməkdaşlar COVID-19 infeksiyası ilə bağlı sanitar-epidemioloji qaydalara ciddi əməl edir, qoruyucu maska və dezinfeksiya vasitələrindən istifadə edirlər, eləcə də onlarla sosial məsafəni gözləməyin əhəmiyyətinə dair maarifləndirici söhbətlər aparılır.