Bakıdakı bəzi otellərdə Azərbaycan pasportu olan vətəndaşların qalmasına izn verilmir.
Həmçinin əlaqə saxladığımız 3, 4 və 5 ulduzlu 30-dan çox otelin əksəriyyətində nigah şəhadətnaməsi tələb edildiyi məlum olub.
Mədəniyyət və Turizm Nazirliyi bu addımı otel sahiblərinin “səhv qərarı” adlandırır və əlavə edir ki, nazirlik otellərə müştərilərdən əlavə sənəd istəməməsi ilə bağlı sadəcə “tövsiyyə verə bilər”.
Hazırda Azərbaycanda mövcud olan qanunlarda yalnız Mülki Məcəllədə mehmanxanalarla bağlı cəmi bir paraqraf var ki, o da əşyaların mehmanxana və restoranlarda saxlanması prosedurlarının tənzimlənməsini özündə ehtiva edir.
“Otelin adı pis çıxır”
Azərbaycanın yerli brendi olan 5 ulduzlu otellərdən birinin – Sapphire City Otellər qrupunun Bakının mərkəzindəki filialında Azərbaycan pasportu ilə ümumiyyətlə qalmağa icazə verilmir. Otelin saytında bu haqda hər hansı məlumat olmasa da, BBC Azərbaycancanın müxbiri ilə danışan otel nümayəndəsi “otelimiz burda fəaliyyətə başladığı gündən bu qayda var” deyir.
Otel meneceri isə “bu səhv məlumatdır” deyərək “bizdə Azərbaycan pasportu ilə qalmaq olar” deyir. Onun sözlərinə görə, bunlar hamısı “daxili qaydalarla” tənzimlənir.
Şəbəkənin Səməd Vurğun küçəsində yerləşən otelində (Sapphire Hotel Baku) BBC Azərbaycanca müxbirinə “Azərbaycan vətəndaşınız, bizim oteldə qala bilməzsiniz” deyiblər.
“O biri filialımıza getsəniz də, eyni cavabı alacaqsınız”, – qəbul zalında əlavə ediblər.
Əməkdaşımız Nizami küçəsində yerləşən oteldə (Saphire City) Azərbaycan pasportunu təqdim edərək bir neçə gün qala bilib. Qəbul zalında izah ediblər ki, otel otağı rezerv ediləndə gələcək qonağın Azərbaycan vətəndaşı olacağı barədə öncədən məlumatı olmayan otel bu pasportla vətəndaşı qəbul etməyə məcbur olub.
Nigah şəhadətnaməsi
4 ulduzlu otellərdən birinin (Alp İnn Hoteli) nümayəndəsi də Azərbaycan vətəndaşlarına qarşı eyni tələb irəli sürsə də, xarici qonaqlara qarşı belə bir tələbin olmadığını deyir.
Digər 4 ulduzlu oteldə (Altstadt) nigah şəhadətnaməsi təqdim etməyən azərbaycanlı cütlüyün bir yerdə olmasa da, ayrı-ayrı otaqlarda qala biləcəyini deyir, bir şərtlə ki, onlar “bir-birinin otağına keçməsin”.
Paytaxtın mərkəzində yerləşən (Anatolia) 4 ulduzlu otel isə bəyan edir ki, onlarda nigah şəhadətnaməsi tələbi yalnız azərbaycanlı deyil, elə əcnəbi cütlüklərə də tətbiq olunur.
Mərkəzdə yerləşən 3 ulduzlu otellərdən birində (Araz) isə nigah şəhadətnaməsini təqdim etməyən cütlükdə “qız əcnəbi olarsa” onların oteldə qalmasına icazə verilir.
Azərbaycanda uzun illərdir fəaliyyət göstərən digər beynəlxalq otelin birində isə deyirlər ki, onlara lazım olan yalnız otağı adına götürəcək adamın şəxsiyyət vəsiqəsidir.
“Əlavə sənəd olaraq nigah şəhadətnaməsi tələb olunmur”, deyə otel nümayəndəsi müştərilərinin özünü rahat hiss etməsinin onlara vacib olduğunu vurğulayır.
“Bunlar (azərbaycanlı oğlan və qız) başqa fikirlə istifadə edirlər oteldən, biz də oteldə narahatlıq olmasın deyə belə şəraitlər yaratmırıq”, Sapphire otelinin meneceri “yalnız xarici vətəndaş” tələbinin səbəbini izah edir.
2009-cu ildən Bakıda fəaliyyət göstərən 5 ulduzlu otel (Atropat Hotel) tək gəldiyi halda istənilən Azərbaycan vətəndaşının oteldə qala biləcəyini desə də, cütlüklərin nigah şəhadətnamələrini də özləri ilə gətirməsinin “mütləq” olduğunu vurğulayır.
“Sonra bizim otelin adı pis çıxır”, deyə menecer şərti irəli sürməsinin səbəbini izah edir.
Oteldə qalmaq istəyən şəxslərdən qanunla müəyyən olunmamış sənədlərin istənilməsi inzibati qanun pozuntusu sayılır, hüquq müdafiəçisi Müzəffər Baxışov BBC Azərbaycancaya deyir.
“İnzibati Xətalar Məcəlləsinin 601-ci maddəsinə əsasən otel müştəridən qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb etməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manata qədər cərimə olunur”, cənab Baxışov əlavə edir.
“Əxlaqa uyğun”
4 ildən çoxdur otel meneceri kimi işləyən Vüsal Həsənov deyir ki, bu günə qədər müştərilərindən şəxsiyyət vəsiqəsi və ya pasportdan başqa heç nə istəməyib. O düşünür ki, belə bir sənəd tələb edən otellər əsasən kənarda yerləşən və “balaca otellərdir”.
“Mənə elə gəlir ki, onlar sadəcə qaydalardan xəbərsizdirlər deyə edirlər. Prosedurun necə olmasından məlumatsız olduqlarına görə də sənəd tələb edirlər”, o əlavə edir.
Hüquqşünas Müzəffər Baxışov bildirir ki, nigah şəhadətnaməsi tələbi Azərbaycan “əxlaqına uyğun” olsa da, qanuna uyğun deyil. Cənab Baxışov əlavə edir ki, mehmanxanalarla bağlı prosedurları yalnız qanunla tənzimləmək mümkündür ki, elə bir qanun da Azərbaycanda yoxdur.
“O şeyə ki, qanunla məhdudiyyət qoyulmayıb, onun həyata keçirilməsinə məhdudiyyət qoyula bilməz. Bu, o deməkdir ki, nigah şəhadətnaməsi olmadan orda qalmaq qanunla qadağan olunmayıbsa otel bunu tələb edə bilməz”, vəkil Konstitusiyanın 69-cu maddəsinə görə Azərbaycan vətəndaşlarına məhdudiyyətin yalnız qanun çərçivəsində tətbiq edilə biləcəyini vurğulayır.
Azərbaycan pasportu ilə oteldə qalmağın qadağan olunmasını “qanuna zidd və insan hüquqlarının pozuntusu” adlandıran hüquqşünas əlavə edir ki, mənafeyinə mühüm ziyan dəyməsini əsas gətirərək müştəri otel sahibini vəzifədən sui-istifadəyə görə Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edə bilər.
“O maddəyə əsasən həmin şəxsə 3 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur”, cənab Baxışov vurğulayır.
“Tövsiyyə”
Mədəniyyət və Turizm Nazirliyinin sözçüsü Vüqar Şıxməmmədov “mövcud qanunvericilikdə belə bir tələb yoxdur” desə də, söhbətin hansı qanunvericilikdən getməsini açıqlaya bilməyib.
“Turizm haqqında yeni qanun hazırlanıb və Milli Məclisə təqdim olunub. Bir oxunuşda qanun müzakirə olunub və yəqin payız sessiyasında baxılacaq”, qurum rəsmisi mehmanxaların idarə olunması ilə bağlı müddəaların orda əksini tapdığını bildirir.
O sözlərinə əlavə edir ki, nazirlik olaraq qurum otellərin “səhv qərarını” dayandırması ilə bağlı “tövsiyyə” verə bilər.
“Otellər özəl sahibkarlıq subyektidir və ona görə bütün otellərə tövsiyə edirik ki, şəxsiyyətini təsdiq edən sənəddən əlavə heç bir sənədə ehtiyac qalmır.”
Azərbaycan “Turizm haqqında Qanun”un 5-ci maddəsində – Turizm sahəsində xüsusi razılığın verilməsi, standartlaşdırma və turizm məhsulunun sertifikatlaşdırılması – bu sahədə standartlaşdırmaya aid olan müddəalar əksini tapsa da turizm müəssisələrinin ofislərinə verilən tələblərin detalları açıqlanmır.