Azərbaycan idmançılarının beynəlxalq uğurları: “Dövlətimiz bu sahədə çox düzgün yol və düzgün mövqe tutub”

“Fransanın paytaxtı Parisdə Azərbaycan idmançıları hamını ayağa qadıraraq, Azərbaycanın Dövlət Himnini dinlətdirməsi, Azərbaycanın Dövlət Bayrağını dalğalandırması güclü Azərbaycan dövlətinin idman sahəsində keçdiyi inkişaf yolunun göstəricisidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda idman sahəsində olan inkişaf və idmançılarımızın Paris-2024 Olimpiya oyunlarında göstərdiyi uğurlu nəticələr haqda danışan VI çağırış Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan idmançıları onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında ölkəmizi şərəflə təmsil edirlər:

“Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və qısa vaxt ərzində ölkədə stabilliyin əldə olunması vədövlət sisteminin bərqərar olması və bu sistemin tərkib hissəsində ilk olaraq yaranan nazirliyin Gənclər və İdman Nazirliyinin olması ulu öndərin uzaqgörənliyinin Azərbaycan gənclərinə, onun gələcəyinə və sağlam genefondun formalaşdırılmasına yönəldilməsini bir daha əyani şəkildə hamıya göstərmiş oldu.
Təbii olaraq, artıq gənclərin forumlarının keçirilməsi və 1997-ci ildə cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə isə idmanımızda titanik inkişaf və sıçrayış baş verdi. Qısa vaxt ərzində paytaxtda və bölgələrdə Olimpiya idman komplekslərinin inşası, idman klublarının, federasiyaların, sadə idman qurğularının formalaşdırılması, sağlam nəslin yetişdirilməsi, eyni zamanda, idmançılarımızın nailiyyətləri ölkəmizin adını, şərəfini uca tutmaları, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmələri və artıq o vaxtlarda Olimpiya oyunları, Dünya və Avropa çempionatlarındakı qələbələrimizin başlaması hələ o vaxt qurulan düzgün dövlət siyasətinin tərkib hissəsi olan gənclər və idman siyasətinin doğru və düzgün bünövrə üzərində qurulmasını özündə ehtiva edirdi. Eyni zamanda, Azərbaycan idmançılarının beynəlxalq yarışlardakı nəticələri ilə bərabər həm də ölkəmiz bir idman ölkəsinə çevrilməyə başladı.
Artıq Bakı və bölgələrmizdə beynəlxalq idman yarışları keçirildi və əsasən bu yarışlar çox yüksək səviyyədə təşkil olunurdu. Hətta bu yarışlar digər ölkələrə nümunə olaraq da göstərilirdi. Bu həm də cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan idmançıları onlara göstərilən bu diqqət və qayğıya cavab olaraq, Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında ölkəmizi şərəflə təmsil edirlər”.

V.İsgəndərov qeyd edib ki, Paris-2024 Olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticələr əldə edirlər və bir sıra böyük dövlətləri geridə qoyaraq hazırki medallarda ölkəmiz yuxarı pillələrdə qərarlaşıb:

“Hələ qarşıda bir neçə idman növləri də var. Onlarda da ölkəmiz qızıl və digər medallar da qazana bilər. Bu da nəticələrimizin daha yüksək olacağına işarədir. Fransanın paytaxtı Parisdə Azərbaycan idmançıları hamını ayağa qadıraraq, Azərbaycanın Dövlət Himnini dinlətdirməsi, Azərbaycanın Dövlət Bayrağını dalğalandırması güclü Azərbaycan dövlətinin idman sahəsində keçdiyi inkişaf yolunun göstəricisidir.
Təəssüflər olsun ki, Fransa Olimpiya oyunlarının keçirilməsində çox böyük yanlışlıqlara yol verib. Hətta qərəzli yanaşmalar da sərgiləyir. Təbii olaraq, rəsmi Bakı oyunların açılışında olan yanlışlıqlara görə, Fransanın üzr istəməsini gözləyir. Beynəlxalq Olimpiya Komitəsinin üzr istəməsinə baxmayaraq, Fransa hələ də bu addımı atmayıb. Lakin bütün bu qərəzlərə baxmayaraq, Azərbaycan idmançıları öz mübarizələrində qətidirlər və ölkəmizin adını uca tuturlar. Şərəflə ölkəmizi təmsil edirlər.
Son illər ölkəmizdə idmançılara olan dövlət qayğısı belə böyük Olimpiya və digər beynəlxalq yarışlarda öz nəticələrini verməkdədir. Bu da onu bir daha deməyə əsas verir ki, dövlətimiz bu sahədə çox düzgün yol və düzgün mövqe tutub”.

İsmayıl Bakuvi

COP29