Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarında iştirak edəcək

unnamed2013-cü ilin avqust ayının 16-da Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının III Sammitində qəbul olunan qətnaməyə əsasən 2014-cü ildən başlayaraq Ümumdünya Köçərilər Oyunları keçirilməyə başlanmışdır. Bu oyunların türkdilli dövlətlər arasında gələcək əməkdaşlığın və dostluğun genişlənməsində və dərinləşməsində böyük töhfəsi olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin ölkədə idmana göstərdiyi diqqət, milli idman növlərimizin inkişafı üçün göstərdiyi qayğı hər zaman dünya ölkələrinin diqqət mərkəzində olmuşdur.
Dövlət başçımızın tapşırığına əsasən Azərbaycan ilk oyunlarda olduğu kimi, II Ümumdünya Köçərilər Oyunlarında da böyük nümayəndə heyəti ilə çıxış edəcəkdir.

2016-cı ilin sentyabr ayının 3-dən 8-dək Qırğızstanın İssık-Kul gölünün sahilində yerləşən Çolpon-Ata şəhərində keçiriləcək oyunlarda Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov başçılıq edəcəkdir.

9 idman növü üzrə 70-dən çox idmançımızın iştirak edəcəyi oyunlarda 14 hakimimiz də yer alacaq.
İdmançılarla yanaşı Azərbaycandan jurnalistlər də bu oyunlara dəvət olunublar. Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin rəhbərliyi Qırğız Respublikasına səfər edəcək jurnalistlər arasında “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İlham” qəzetinin baş redaktoru Əmir Pəhləvan, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya üzrə müxbiri Fizuli Məcidli və digərləri kimi tanınmış jurnalistlərimiz var.

Həmçinin, Qırğızstan Hökumətinin müraciətin nəzərə alaraq, II Ümumdünya Köçərilər Oyunları çərçivəsində keçiriləcək mədəni tədbirlərdə iştirak etmək üçün Azərbaycanın Xalq artisti, opera ifaçısı Fidan Hacıyeva, estrada müğənnisi Ələsgər Əliyev və Sahib Paşazadənin bədii rəhbəri olduğu “Muğam trio” qrupu Qırğızstana gələcəklər.