“Prezident İlham Əliyev status-kvonu dəyişdi və indi münaqişənin həlli şərtlərini Azərbaycan diktə edir”.
Bu sözləri Vətən müharibəsindəki qələbə və əldə olunan uğurları şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadənin sözlərinə görə, Ermənistana, o cümlədən də bütün dünyaya Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərarın qəbul edilə bilməyəcəyi sübut olunub:
“Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir, formalaşdırılmış mif 44 gün ərzində darmadağın edildi və bütün qüvvələr Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa məcbur oldu.
Cəmi 44 gün ərzində ərazi bütövlüyümüzün bərpası “yenilməz erməni ordusu” barədə deyilənlərin sadəcə, mif olduğunu ortaya qoydu. Müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.
Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və faktiki olaraq kapitulyasiyaya məcbur etdi.
Təcavüzkar Ermənistanın hərbi və siyasi ekspertlərinin, hərbçi və məmurlarının etirafları Azərbaycanın öz ərazi bütövlüyünü istənilən bir qüvvə ilə qarşıdurmada müdafiə etmək gücündə olduğunu bir daha isbatladı. Nəticədə 30 ildir, danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları alt-üst oldu”.
Politoloq qeyd edib ki, danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz:
“30 il ərzində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən, Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi.
Azərbaycan Ordusu isə Ali Baş Konmandanın rəhbərliyi altında yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var” fikirləri Vətən müharibəsində tam olaraq təsdiqləndi.
İllərdən bəri özünü Azərbaycan torpaqlarından çıxmamaq üzərində kökləyən Ermənistanın işğalıçı əsgərləri, muzdlu quldurları və mürəkkəb mühəndis qurğuları ordumuzun həmlələrinə duruş gətirə bilmədi. Azərbaycanın müharibədən dəfələrlə güclənərək çıxması, Ermənistanın isə bir dövlət kimi hərtərəfli dağılmaya məruz qalması qalibiyyətli müharibə üçün xalqa söykənən yetkin liderin və güclü ordunun nə qədər həlledici şərtlər olduğunu qəti sübuta yetirdi.
Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşdü və artıq hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən, həll edilir. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır, Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir”.
Gülşən Şərif