Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq – “Fikrət Məmmədovla İQTİSADİ BAXIŞ” / VİDEO

“Yeni Çağ” Media Qrupun layihəsinin bu buraxılışında Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq, xüsusilə də enerji sahəsindəki vəziyyətlə bağlı məlumat ala biləcəksiniz.

Video:

Buraxılışın mətni:

Bu gün dünya iqtisadiyyatında baş verən geosiyasi və iqtisadi gedişatlar ölkələrin əməkdaşlıqlarına təsirsiz ötüşmür. Bu yöndə uzun müddətdir ki, Azərbaycan da digər ölkələrlə əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub. Xüsusən də Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə iqtisadi münasibətləri inkişaf etdirməkdədir. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq, Azərbaycan və Avropa İttifaqı ilə imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi mühüm nəticələr verməkdə davam edir. Azərbaycan həm Avropa İttifaqı, həm də qurumda təmsil olunan dövlətlərlə intensiv təmaslara malikdir. Ölkəmiz eyni zamanda Aİ-yə daxil olan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb.

Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsi fonunda Azərbaycan-Avropa İttifaqı münasibətləri daha çox enerji təhlükəsizliyi məsələsində özünü açıq büruzə verir. Çünki enerji təhlükəsizliyi Avropa İttifaqı ölkələri üçün həyati əhəmiyyətli məsələdir. İndiki məqamda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına daha çox töhfə verməyə geniş imkanları olan bir ölkədir. Unutmaq olmaz ki, indiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Mövcud vəziyyətdə Azərbaycan iyulda Aİ ilə imzaladığı enerji sazişindən böyük fayda əldə edir. 2022-ci ilin ilk 11 ayında Azərbaycan təkcə neft və qaz ixracından 33,6 milyard dollar gəlir əldə edib. Bu isə 2021-ci ilin analoji dövrünün gəlirlərindən 2,2 dəfə çoxdur.

Təsadüfi deyil ki, ötən ilin iyul ayında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşü zamanı ölkə başçısı İlham Əliyev Azərbaycan-Avropa ittifaqı münasibətlərinə toxunub. Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və çox etibarlı əməkdaşlıq böyük bir aktivdir. Avropa İttifaqı və Azərbaycan arasında neft və qaz, alternativ enerji, su enerjisi səmərəliliyi və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başlanılıb. Ursula Fon der Lyayen isə öz növbəsində vurğulayıb ki, Azərbaycanın bərpaolunan enerji sahəsində çox böyük potensialı var. Bu isə onu deməyə əsas verir ki, Avropa İttifaqı ilə imzalanan saziş Azərbaycanın bölgədəki nüfuzunu daha da artıracaq. Yeni saziş Azərbaycanın iqtisadi vəziyyətinə də müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq.

Onu da qeyd edək ki, Azərbaycan qaz hasilatı və ixracını artırmaq planına tam əməl edir. Azərbaycandakı əlverişli investisiya və biznes mühiti Avropa şirkətlərinin ölkəmizə marağını getdikcə artırır. Xüsusən də işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi əlverişi göstərir ki, Avropa şirkətlərinin 80 faizi öz biznes əməliyyatları üçün yenidən Azərbaycanı seçməyə hazırdırlar. Bu gün Avropa İttifaqı və üzv ölkələr Azərbaycanla əməkdaşlıqda prioritet sahələr müəyyənləşdirir. Avropa şirkətlərinin 14 faizi artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya layihələri istiqamətində işə başlayıb. Çünki ölkəmiz yaşıl enerji, alternativ enerji, tikinti və nəqliyyat layihələri şirkətlər üçün prioritet olub. Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir.

Ümumilikdə təhlil göstərir ki, Avropa İttifaqı Azərbaycanda bərpa olunan enerji layihələrinə sərmayə qoymağı nəzərdən keçirə bilər. Bu isə ölkənin iqtisadiyyatının inkişafı ilə yanaşı, qlobal iqtisadi aləmdə Azərbaycanın nüfuzunu daha da artıra bilər.

Gülşən Şərif