Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olundu

“Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusunda I Beynəlxalq Konfrans çərçivəsində Mərakeş Krallığında səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) paytaxt Rabatda yerləşən baş qərargahında qurumun baş direktorunun müavini Abdelilah Benarafa ilə görüşüb.

Komitədən Yenicag.az-a bildiriblər ki, Abdelilah Benarafa Azərbaycanın bu təşkilata üzvlüyü çərçivəsində fəaliyyəti və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib, ailə məsələləri və sosial siyasət sahəsində də əməkdaşlığın inkişafında və birgə tədbirlərin keçirilməsində maraqlı olduqlarını vurğulayıb.

Baş direktorun müavini Beynəlxalq Konfransda fəal iştiraka görə nümayəndə heyətinə öz təşəkkürünü bildirərək, Azərbaycanın ICESCO-nun ən etibarlı tərəfdaşı olduğunu bildirib.

Bahar Muradova öz növbəsində İslam dünyasının birliyi və üzv ölkələrin ahəngdar inkişafına töhfələri ilə seçilən bu təşkilatın baş qərargahında olmaq və Dövlət Komitəsi ilə ICESCO arasında əməkdaşlıq haqqında müzakirə aparmaq imkanının yaradılmasından məmnunluğunu ifadə edib.

Bu təşkilatla Azərbaycan arasında əlaqələrin getdikcə daha çox sahələri əhatə etdiyini vurğulayan komitə sədri münasibətlərin bu səviyyədə inkişafında, faydalı və geniş məzmunlu olmasında Azərbaycanın Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna rolu barədə danışıb.

Görüş zamanı beynəlxalq təşkilatla Azərbaycan arasında əməkdaşlığın inkişafının təşviqi, əsasən sosial və humanitar sahələrin inkişafı, qadın və gənclərin bacarıqlarının artırılmasına dair fikir mübadiləsi aparılıb.

Həmçinin Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin bu istiqamətdə fəaliyyətə böyük təkan verdiyi xüsusi vurğulanıb.

Tərəflər ICESCO ilə Azərbaycan arasında xüsusi münasibətlərin inkişaf istiqamətlərini də müzakirə ediblər.

COP29