Azərbaycan ilə MDB arasında əməkdaşlıq məsələləri müzakirə edildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 6-da Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenicag.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə MDB arasında əməkdaşlıq gündəliyi, habelə növbədənkənar prezident seçkilərindən irəli gələn məsələlər müzakirə olunub.

MDB məkanında qanunvericilik orqanları arasında təmasların qurumasına şərait yaradan platforma kimi MDB Parlamentlərarası Assambleyanın əhəmiyyəti vurğulanıb.

Azərbaycanın üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolu olan dialoq platforması kimi MDB-yə əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov fevralın 7-də 30 illik işğaldan sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində növbədənkənar prezident seçkilərinin kkeçiriləcəyini, torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərimizdə səsvermədə iştirak edəcəklərini bildirib. Habelə xarici ölkələrdəki vətəndaşlarımızın seçki hüququnun təmin olunması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdə müvafiq seçki məntəqələrinin yaradıldığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

COP29